Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir!

Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir!

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında bildirib.

Dövlət başçısı bildirib:

“İndi isə yeni dövr başlayır. Əziz qardaşımla bu gün Füzuli şəhərində görüşərək, onu orada qarşılayaraq Füzulinin dağılmış mənzərəsini göstərdim, Füzuli şəhəri yoxdur. Siz də oradan keçmisiniz, görmüsünüz, bir dənə də salamat bina yoxdur. Mənfur düşmən bütün binalarımızı yerləbir edib. Ağdam da belə vəziyyətdədir. Bizim tarixi abidələrimizi dağıdıb, söküb və talan ediblər. Şuşa şəhəri görün nə gündədir. Şuşa tarixi şəhərdir və 28 il işğal dövründə burada bir dənə də bina tikilməmişdir. Mən əziz qardaşıma bax, bu binanı göstərdim, Şuşa valiliyinin binası, mənim rəhmətlik atamın dövründə tikilmişdir. Şuşadakı binalar həm onun dövründə, həm də Pənahəli xanın, İbrahimxəlil xanın dövründə tikilmişdir. Mənfur düşmən bir daşı daş üstə qoymamışdır. İndi Şuşanın dağılmış yerlərini siz görürsünüz, hələ biz bura əl gəzdirmişik. İlk dəfə mən bu ilin əvvəlində buraya gələndə şəhər tamamilə dağılmış vəziyyətdə idi.

Şuşa tarixi Azərbaycan şəhəridir. Çünki 1752-ci ildə Pənahəli xan bu şəhərin təməlini qoydu və ondan sonra bütün dövrlərdə Şuşada yaşayan əhalinin 98 faizi azərbaycanlılar idi və 30 il işğal altında qalmasına baxmayaraq Şuşa əyilmədi, öz milli ruhunu qoruya bildi, ləyaqətini qoruya bildi və bizi gözləyirdi. Biz də gəldik və Şuşanı azad etdik.

Bu gün qardaş ölkənin Cümhurbaşqanı tarixi şəhərdə bizim qonağımızdır və hiss etdiyimiz duyğuları sözlərlə ifadə etmək mümkün deyil. Mən əminəm ki, buraya gələn hər bir insan eyni duyğuları hiss edir və bu çox duyğusal günləri yaşadığımız üçün Ulu Tanrıya minnətdarıq.

Əziz qardaşım, biz Sizi səbirsizliklə Şuşada gözləyirdik, Sizi mən dəvət etmişdim. Biz – iki dövlətin Cümhurbaşqanı keçən ilin dekabr ayında hərbi paradı birlikdə qəbul edərkən razılaşdıq ki, növbəti görüş burada olacaq və belə də oldu. Bir daha xoş gəlmisiniz, doğma Vətəninizə xoş gəlmisiniz, Şuşamıza xoş gəlmisiniz!

Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir!”

Teqlər: