Biz daxili istehsalı və qeyri-neft sektorunu stimullaşdırırıq. Mən həm “Aqro Dairy”da, həm də burada – “Azərsun” aqroparkında onları idarə edən şəxslərə tövsiyə etmişəm ki, azad olunmuş torpaqlarda, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın və bu istiqamətdə ilkin addımlar atılmaqdadır.
AzerTimes-ın məlumatına görə, bunu aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
“Bu gün Hacıqabul rayonunda, eyni zamanda, Hacıqabul Sənaye Məhəlləsinin inkişafı ilə bağlı əlavə göstərişlər verilib. Əlavə beş müəssisə yaradılacaq. 2017-ci ildə mənim Sərəncamımla yaradılmış bu Sənaye Məhəlləsi artıq beş müəssisəyə sahibdir. Onların açılışı bu gün olub. Bu müəssisələrə də on milyonlarla manat sərmayə qoyulub. Bu da dövlət tərəfindən irəli sürülmüş təşəbbüsdür. Biz sahəni müəyyən etdik, infrastruktur layihələri icra etdik, bütün kommunikasiyaları çəkdik, hətta anqarları da dövlət hesabına inşa etdik. Sahibkar da gəlib burada öz sərmayəsini qoyub və müasir səviyyəli məhsullar istehsal olunur. Bu məhsullar da daxili tələbatı təmin edəcək.
Bu müəssisələrin arasında ən böyüyü, əlbəttə ki, avtomobil zavodudur. Artıq avtomobil sənayesi Azərbaycanda inkişaf edir və biz bu sahədə bir neçə ölkə ilə bərabər çalışırıq. Növbəti mərhələdə lokallaşmanı daha da artırmaq gündəlikdə duran məsələlərdən biridir və biz buna da nail olacağıq.
Baxın, əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir, məhsuldarlıq yüksəlir, insanlar işlə təmin edilir. Beləliklə, bizim gördüyümüz işlər öz praktiki nəticələrini verməkdədir”.