Prezident İlham Əliyev: Tankların çoxunu biz döyüşdə götürməmişik, ermənilər onları sadəcə, atıb getmişdilər

Götürdüyümüz tankların çoxunu biz döyüşdə götürməmişik. Yəni erməni tanklarının heyəti müəyyən mövqeyə çıxır, sonra həmin tanklardan tullanıb hərə bir tərəfə qaçırdı, çünki tankın üstünə “Bayraktar”lar düşəcəyindən qorxurdular.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

“Erməni tərəfinin dinc əhali arasında itkisi çox az, bizim məlumata görə təqribən 30 nəfər olub. Fikrimcə, onlar da bu məlumatlar barədə mübahisə etmirlər. Onların əksəriyyəti artilleriya toplarının yaxınlığında olmuş, döyüş sursatları daşıyan və özləri həmin toplardan atəş açan mülki şəxslər idi. Siz tamamilə haqlısınız ki, “Bayraktar”lardan istifadə edilməsi döyüş əməliyyatlarının aparılmasında, bizim silahlı qüvvələrin irəliləməsi və yeni mövqelər tutması üçün yolların təmizlənməsində, habelə itkilərin minimallaşdırılmasında bizə çox kömək etdi. Müharibə dövründə biz 366 tankı, böyük miqdarda zirehli texnikanı və artilleriya toplarını məhv etdik və qənimət kimi götürdük. “Bayraktar”lar artıq düşməni dəhşətə gətirirdi və qənimət kimi götürdüyümüz tankların çoxunu biz döyüşdə götürməmişik. Yəni erməni tanklarının heyəti müəyyən mövqeyə çıxır, sonra həmin tanklardan tullanıb hərə bir tərəfə qaçırdı, çünki tankın üstünə “Bayraktar”lar düşəcəyindən qorxurdular. Biz bunu praktiki olaraq hər gün internetdə göstərirdik və təbii ki, bu, düşmənin hərbi qulluqçularını dəhşətə gətirirdi. Buna görə, artıq qeyd etdiyim kimi, onlar tankların çoxunu, sadəcə, atıb getmişdilər”.

Teqlər: