Bu gün buradan – qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında bildirib.
Prezident İlham Əliyevin bəyanatı:
“Hörmətli cənab Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Türkiyədən gəlmiş hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq. Mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm.
Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında – Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.
Mən mətbuat konfranslarında, öz çıxışlarımda dəfələrlə demişəm ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk.
İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.
Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.
Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.
İkinci önəmli məsələ nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.
Bu gün biz azad edilmiş Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, əminəm ki, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Çünki bu səfər Azərbaycanda səbirsizliklə gözlənilirdi və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan – qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.
Şuşa şəhəri işğaldan keçən il noyabrın 8-də azad edilmişdir. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayrağını ucaltdı.
Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir.
Bu gün Türkiyənin mətbuat nümayəndələri burada – Şuşadadırlar, onların fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Onlar müharibənin ən təhlükəli anlarında real vəziyyəti əks etdirmək, tamaşaçılara və dünyaya çatdırmaq üçün öz həyatlarını risk altına atırdılar. Mən özüm şəxsən müharibə dövründə bir çox hallarda Türkiyə televiziya kanallarında gedən reportajları izləmişdim və bir daha görürdüm ki, burada təkcə peşəkarlıq məsələləri deyil, burada həmrəylik, sevgi ilə dolu reportajlar verilir. Azərbaycanın haqq səsi, Azərbaycanın haqlı olması dünyaya çatdırılır və ən təhlükəli yerlərdən, bombalar düşdüyü yerlərdən Türkiyənin mətbuat nümayəndələri dərhal oraya gəlmişlər, reportajlar hazırlamışlar. Onlar yaxşı bilirdilər ki, Ermənistan döyüş meydanında qarşımızda duruş gətirmədiyi üçün bizim mülki vətəndaşları uzaqmənzilli raketlərlə, “Toçka-U”, “İskəndər M” raketləri ilə atəşə tutub və bu namərd atəş nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olmuşlar. Biz müharibə dövründə bütün türk xalqının məhəbbətini, sevgisini, həmrəyliyini bir daha gördük. Onsuz da bilirdik ki, biz bir millət, iki dövlətik, necə ki, rəhmətlik atam demişdir. Ancaq müharibə bir daha bütün dünyaya bunu göstərdi və biz heç vaxt bu dəstəyi unutmayacağıq.
İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi. Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur olub Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı və bizim digər bölgələrimiz bir atəş açmadan bizə qaytarıldı. Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu. Otuz il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi.
İndi isə yeni dövr başlayır. Əziz qardaşımla bu gün Füzuli şəhərində görüşərək, onu orada qarşılayaraq Füzulinin dağılmış mənzərəsini göstərdim, Füzuli şəhəri yoxdur. Siz də oradan keçmisiniz, görmüsünüz, bir dənə də salamat bina yoxdur. Mənfur düşmən bütün binalarımızı yerləbir edib. Ağdam da belə vəziyyətdədir. Bizim tarixi abidələrimizi dağıdıb, söküb və talan ediblər. Şuşa şəhəri görün nə gündədir. Şuşa tarixi şəhərdir və 28 il işğal dövründə burada bir dənə də bina tikilməmişdir. Mən əziz qardaşıma bax, bu binanı göstərdim, Şuşa valiliyinin binası, mənim rəhmətlik atamın dövründə tikilmişdir. Şuşadakı binalar həm onun dövründə, həm də Pənahəli xanın, İbrahimxəlil xanın dövründə tikilmişdir. Mənfur düşmən bir daşı daş üstə qoymamışdır. İndi Şuşanın dağılmış yerlərini siz görürsünüz, hələ biz bura əl gəzdirmişik. İlk dəfə mən bu ilin əvvəlində buraya gələndə şəhər tamamilə dağılmış vəziyyətdə idi.
Şuşa tarixi Azərbaycan şəhəridir. Çünki 1752-ci ildə Pənahəli xan bu şəhərin təməlini qoydu və ondan sonra bütün dövrlərdə Şuşada yaşayan əhalinin 98 faizi azərbaycanlılar idi və 30 il işğal altında qalmasına baxmayaraq Şuşa əyilmədi, öz milli ruhunu qoruya bildi, ləyaqətini qoruya bildi və bizi gözləyirdi. Biz də gəldik və Şuşanı azad etdik.
Bu gün qardaş ölkənin Cümhurbaşqanı tarixi şəhərdə bizim qonağımızdır və hiss etdiyimiz duyğuları sözlərlə ifadə etmək mümkün deyil. Mən əminəm ki, buraya gələn hər bir insan eyni duyğuları hiss edir və bu çox duyğusal günləri yaşadığımız üçün Ulu Tanrıya minnətdarıq.
Əziz qardaşım, biz Sizi səbirsizliklə Şuşada gözləyirdik, Sizi mən dəvət etmişdim. Biz – iki dövlətin Cümhurbaşqanı keçən ilin dekabr ayında hərbi paradı birlikdə qəbul edərkən razılaşdıq ki, növbəti görüş burada olacaq və belə də oldu. Bir daha xoş gəlmisiniz, doğma Vətəninizə xoş gəlmisiniz, Şuşamıza xoş gəlmisiniz!
Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir!”