Şuşa. Trend:
Prezident İlham Əliyev Şuşadakı çıxışında Azərbaycanın
gələcəyinə inamı və əminliyi ilə hər kəsi ruhlandırdı.
Bunu Trend-ə
TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman
Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı zamanı
deyib.
“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada, Azərbaycanın
azad edilmiş ərazisində, neçə illər işğal altından olmuş tarixi
Azərbaycan ərazisində keçirilməsi tarixi hadisədir. Bütün dünyadan
həmvətənlərimizin buraya gələ biməsi hər kəsə güclü təsir
bağışladı. Hamı yüksək əhval-ruhiyyədədir və bu əhval Azərbaycan
Prezidenti İlham Əliyevin çıxışı zamanı xüsusilə müşahidə olundu.
O, hər kəsi Azərbaycanın gələcəyinə inamı və əminliyi ilə
ruhlandırdı və ölkənin planları barədə danışmaqla böyük təəssürat
oyatdı. Qurultayın bütün iştirakçıları yaşadıqları yerdən asılı
olmayaraq hər zaman öz doğma torpaqlarına onun gələcəyi, uğurları
və nailiyyətləri ilə bağlıdır. Biz arzulayırıq ki, Azərbaycan
üzərində həmişə dinc səma olsun. Əsas odur ki, Azərbaycan bu gün
dünya ictimaiyyətinin hörmətli üzvlərindən biridir, gələcəyə inamla
baxır və fikrimcə, möhtəşəm planlara malikdir. Əminəm ki, bu
planlar reallaşacaq”, – deyə o bildirib.
M.Qusman qeyd edib ki, Azərbaycanın münasibətlərin normallaşması
üçün Ermənistana təqdim etdiyi təkliflər iqtisadi baxımdan bütün
regionun inkişafına imkan verəcək.
“Yeni kommunikasiyalar, yeni nəqliyyat qovşaqları olacaq, əlavə
iqtisadi imkanlar yaranacaq. Azərbaycan üçün bu vacibdir, bütün
region üçün vacibdir. Azərbaycan məhz bu kontekstdə öz unikal
imkanları ilə iqtisadi və sosial-mədəni layihələrin inkişafında
bütün regionun mərkəzinə çevriləcək”, – M.Qusman deyib.
(Tərcümə: Orxan Nəbiyev)