Prezident İlham Əliyev: Şuşada yeni beşulduzlu otelin inşası üçün yer seçildi

Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına
start verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi. O,
həmin yerdir ki, o vaxt qondarma qurum orada dırnaqarası parlament
inşa etmək istəyirdi və digər şeytan yuvası orada yerləşmişdi.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.

Dövlət başçısı bildirib:

“Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına
start verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi. O,
həmin yerdir ki, o vaxt qondarma qurum orada dırnaqarası parlament
inşa etmək istəyirdi və digər şeytan yuvası orada yerləşmişdi.
Müharibə zamanı o da yox oldu. İndi orada beşulduzlu otelin
layihəsi mənə təqdim edildi. Şuşanın memarlığına uyğun gözəl bir
bina olacaq. Şəhər meriyası binası əsaslı şəkildə təmir edilir və
onun yanında yeni konfrans zalı inşa olunur. Çünki indi Şuşada
böyük tədbir keçirmək üçün yer yoxdur. Ona görə konfrans zalı
meriya binasına bitişik olacaq və orada yaxın gələcəkdə ən mötəbər
tədbirlər keçiriləcək.

Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək.
Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda
Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu
gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor
kollektivlərini dəvət etmişik. Artıq məndə ilkin məlumat var,
vaxtından qabaq anons vermək istəmirəm, amma hesab edirəm ki, çox
maraqlı festival olacaqdır. Artıq bu ənənəni də biz bərpa etmişik.
Bildiyiniz kimi, TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının
mədəniyyət paytaxtı” elan etmişdir”.

Teqlər: