Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf
Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli
qoyulub.
Trend xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış
İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev dövlətimizin
başçısına və birinci xanıma kompleksin layihəsi barədə məlumat
verdi.
Bildirildi ki, ərazinin minalardan təmizlənməsindən, dağıdılmış
tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin
budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq və əraziyə
uyğun bitkilər əkiləcək.
Diqqətə çatdırıldı ki, ötən əsrin 70-ci illərində ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı
ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları
salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Həmçinin
burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün
avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti
yaradılacaq.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva turizm kompleksində istifadə olunacaq xüsusi maşınlara
baxdılar.
Prezident İlham Əliyev kompleksin təməlini qoydu.
Sonra dövlətimizin başçısı və birinci xanım kompleksin
ərazisində ağac əkdilər.
Qeyd edək ki, Suqovuşan Turizm Kompleksində işlər cari ilin
sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət
göstərəcək. Görülən işlər sübut edir ki, çox füsunkar,
təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ
bölgəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə
çevriləcək.