Prezident İlham Əliyev: Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir

Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük
məsuliyyət deməkdir.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğız
Respublikasının Prezidenti Sadır Japarov ilə geniş tərkibdə görüş
zamanı deyib.

Dövlət başçısı bildirib:

“Hörmətli cənab Prezident, hörmətli qonaqlar. Sizi Azərbaycanda
bir daha salamlayıram. Bu gün bizim ikitərəfli münasibətlərdə çox
əlamətdar gündür – Qırğızıstan Prezidenti Azərbaycanda rəsmi
səfərdədir. Biz Sizi salamlamağa və münasibətlərimizin inkişaf
perspektivlərini müzakirə etmək imkanına görə çox şadıq.

Cənab Prezidentlə biz ikitərəfli gündəlik, regional məsələlər
barədə fikir mübadiləsi aparmışıq və bu səfərdən istifadə edərək
maksimum nəticəyə nail olmaq əzmindəyik. Bu gün çoxlu sənədlər
imzalanacaq. Bu barədə biz artıq danışmışıq. Bizim münasibətlər
strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar
hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində
biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin
münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm
böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki,
gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi
dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik.

Bu gün biz investisiya layihələri ilə bağlı çox məsələləri
müzakirə etdik. Bu gün geniş tərkibdə görüşdə bu barədə daha
ətraflı danışacağıq – nəqliyyat infrastrukturu ilə bağlı məsələlər,
bizim nəqliyyat imkanlarımızı birləşdirməyin mümkünlüyü. Biz
Qırğızıstanda və Azərbaycanda həyata keçirilmiş layihələr və onları
qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması
barədə fikir mübadiləsi aparmışıq. Kənd təsərrüfatında əməkdaşlığın
inkişafı ilə bağlı məsələləri də müzakirə etmişik. Burada da böyük
perspektivlər var. Yəni, məsələlərin əhatə dairəsi genişdir.

Əminəm ki, biz səfərin yekunlarına əsasən əldə edilmiş
razılaşmaların reallaşması üçün konkret proqram müəyyən edəcəyik.
Əlbəttə, düşünürəm ki, lap yaxın vaxtlarda hökumətlərarası
komissiyanın iclasını keçirmək lazım olacaq. Həmin komissiya
sonuncu dəfə üç il bundan əvvəl iclas keçirib. Fikrimcə, səfərin
yekunlarına əsasən prezidentlərin verəcəyi tapşırıqlar da məhz
həmin hökumətlərarası komissiyanın iclası çərçivəsində nəzərdən
keçirilməlidir.

Beləliklə, hörmətli cənab Prezident, Sizi bir daha ürəkdən
salamlayıram. Xoş gəlmisiniz. Azərbaycanda vaxtınızın yaxşı və xoş
keçməsini arzu edirəm”.

Teqlər: