Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor
Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Rusiyanın ayrı-ayrı
subyektləri, o cümlədən Həştərxan vilayəti ilə uzun illər səmərəli
əməkdaşlıq həyata keçirdiyi bildirildi.

Söhbət zamanı ölkəmizlə Həştərxan vilayəti arasında
ticari-iqtisadi, nəqliyyat, tranzit, gəmiqayırma, limanlararası
əlaqələr sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir
mübadiləsi aparıldı. Bakıda Həştərxan İş Mərkəzinin, Həştərxanda
isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Azərbaycan İş
Mərkəzinin fəaliyyət göstərməsinin önəmi qeyd olundu.

Görüşdə humanitar sahədə əməkdaşlıq məsələlərinə toxunuldu,
Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi mühüm
layihələr məmnunluqla xatırlandı. Həştərxanda 10 ildən çoxdur ki,
fəaliyyət göstərən Heydər Əliyev adına məktəbin humanitar sahədə
əlaqələrimizin inkişafına töhfə verdiyi vurğulandı.

Söhbət zamanı İqor Babuşkinin səfərinin əməkdaşlığımızın daha da
genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Teqlər: