Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik

Biz Rusiya ilə – bizim strateji tərəfdaşımızla bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Hörmətli Sergey Viktoreviç, sizi Bakıda yenidən salamlamağa şadam. Sizin bu səfəriniz ərəfəsində mən bundan əvvəlki görüşümüzü xatırladım. Şadam ki, sizin Bakıya sonuncu səfərinizdən yarım il sonra biz münasibətlərimizdə müsbət dinamikanın davam etməsini məmnuniyyətlə qeyd edə bilərik. Elə bu gün mənim Vladimir Vladimiroviç Putin ilə telefon söhbətim olub. Biz bir-birimizi ümumi Qələbəmiz münasibətilə, faşizm üzərində Qələbə münasibətilə şəxsən təbrik etdik və faşistlərin, faşist əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri ilə əlaqədar yanaşmalarımızın vahid olduğunu bir daha bildirdik, dünyanı faşizmdən xilas etməyə imkan vermiş, Avropanın və dünyanın bir çox xalqlarını azad etmiş bu böyük Qələbəyə əcdadlarımızın töhfəsini qeyd etdik.

Sizin bildiyiniz kimi, Vladimir Vladimiroviç ilə biz daim dialoq aparır, müntəzəm əlaqə saxlayırıq. Biz həm ikitərəfli gündəlik çərçivəsində, həm də bizim regionda münaqişədən sonrakı inkişafla bağlı vəziyyət çərçivəsində çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Deməliyəm ki, əlbəttə, indiki vəziyyət, münaqişədən sonrakı vəziyyət bütün səviyyələrdə daha sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir. Mən onu da bilirəm ki, siz azərbaycanlı həmkarınızla çox sıx əlaqə saxlayırsınız. Bütün bunlar ona gətirib çıxarır ki, biz müsbət inkişafı, təhlükəsizliyin, sabitliyin möhkəmlənməsini, hərbi əməliyyatların yenidən başlanması risklərinin minimallaşdırılmasını və tariximizin bu qara səhifəsini çevirmək istəyini müşahidə edirik. Hər halda, Azərbaycan buna hazırdır. Yüksək səviyyədə dəfələrlə səslənmiş bəyanatlar kommunikasiya layihələrinin inkişafı məsələsində bizim mövqeyimizə dəlalət edir. Bu barədə noyabrda müharibənin yekunları üzrə Bəyanatda da deyilib və bu istiqamətdə çox fəal iş aparılır. Bildiyiniz kimi, bu yaxınlarda – iki həftə bundan əvvəl Moskvada geniş ikitərəfli gündəlik üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası, habelə üç ölkənin Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib. Mənim fikrimcə, həmin görüşdə birgə Bəyanatın mühüm bəndinin – nəqliyyat dəhlizlərinin açılması bəndinin reallaşması üzrə önəmli addımlar atılıb. Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq. Konkret müddətlər nəzərdə tutmuşuq və bu layihənin ən yaxın vaxtlarda reallaşması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq.

Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir. Deməliyəm ki, hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik. Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub. Bildiyiniz kimi, biz hadisələrin gələcək inkişafının humanitar aspektini nəzərə alaraq Ermənistan Respublikasının işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, bu gün həmin avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur. Bu da Azərbaycan tərəfinin xoş məramının təzahürüdür. Bildiyiniz kimi, Rusiya tərəfinin təklifinə və Azərbaycanın razılığına əsasən uzun müddət, mənim fikrimcə, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib. Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Belə nümunələr çoxdur. Bunları sadalamaqla vaxtınızı çox almaq istəmirəm. Sadəcə, demək istərdim ki, biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin.

Bununla bərabər, Ermənistanda baş verən hadisələrlə, məhz artmaqda olan azərbaycanofobiya meyilləri ilə əlaqədar öz mövqeyimi bildirmək istərdim. Mənim fikrimcə, bu meyillər Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir. Anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq. Mənim misal gətirdiyim, regionda baş vermiş bəzi faktlar bizim niyyətimizə, səhifəni çevirmək niyyətimizə dəlalət edir, hərçənd sırf emosional və psixoloji baxımdan bunu etmək asan deyil. İşğaldan azad edilmiş ərazilərdə praktiki olaraq hər şey dağıdılıb. Beynəlxalq ekspertlər və jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhərində bircə salamat bina belə yoxdur. Azad edilmiş ərazilərdə olarkən oraların tamamilə dağıdıldığını görmək olar. Azad edilmiş ərazilərdə işğal dövründə evlər, ictimai binalar, dini abidələr, 60-dan çox məscid, qəbiristanlıqlar və sair dağıdılıb. Ona görə də işğalın bizim hətta güman edə bilməyəcəyimiz, – çünki biz həmin ərazilərə gedə bilmirdik, – dağıdıcı nəticələrinə baxmayaraq, Azərbaycan sağlam düşüncə və gələcək barədə fikirləşməyin zəruri olduğunu nümayiş etdirir. Ona görə də Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir. Ona görə ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirdi. Buna görə biz Rusiya ilə – bizim strateji tərəfdaşımızla bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik. Hərbi baxımdan biz vəziyyəti artıq normallaşmış hesab edə bilərik, lakin siyasi, iqtisadi, nəqliyyat və gələcək qarşılıqlı fəaliyyətin başqa aspektləri baxımından, əlbəttə, hələ çox iş görülməlidir. Təbii ki, biz ümid edirik, Rusiya bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz kimi, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi bundan sonra da gərginliyin azaldılmasına və erməni tərəfinin daha ayıq yanaşmasının üstünlüyünə şərait yaradacaq.

Bizim ikitərəfli münasibətlərimizə gəldikdə isə bir daha deyirəm, mən əminəm ki, Cənubi Qafqazda yaranmış yeni vəziyyət artıq bu gün bizim münasibətlərimizə yeni xüsusiyyətlər verir. Biz yaxın qonşular, mehriban dostlar kimi aktiv fəaliyyət göstəririk və bu sıx əlaqələrimiz, sizin bugünkü səfəriniz buna daha bir sübutdur.

Sizi görməyə çox şadam. Bir daha xoş gəlmisiniz”.

Teqlər: