Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb.
AzerTimes xəbər verir
ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin
sədri Mixail Mişustinlə görüş zamanı deyib.
Dövlət başçısı bildirib: “Siz tamamilə düzgün olaraq qeyd
etdiniz ki, bu gün Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında
Bəyannamə imzalanıb. Bu, bizim münasibətlərimizin inkişafında yeni
mərhələdir. Bu gün Vladimir Vladimiroviç ilə biz çox söhbət etdik,
həm ikitərəfli qarşılıqlı fəaliyyətə, həm də regional problemlərə
dair çox mühüm mövzuları müzakirə etdik. Əlbəttə, mətbuat qarşısına
çıxanda ölkələrimizin dövlətlərarası münasibətləri tarixində
qalacaq bu günün vacibliyini qeyd etdik. Əlbəttə, rəmzi haldır ki,
bu hadisə ölkələrimiz arasında diplomatik münasibətlərin
yaradılmasının 30 illiyi ərəfəsində baş verir. Başqa məsələlərdən
əlavə, biz ticari-iqtisadi əməkdaşlıq məsələlərini də nəzərdən
keçirdik, əlaqələrimizin necə inkişaf etməsindən məmnun olduğumuzu
bildirdik. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrimizin
inkişafına şəxsən ayırdığınız diqqətə görə sizə təşəkkürümü
bildirmək istərdim. Pandemiya şəraitinə baxmayaraq, əmtəə
dövriyyəsi xeyli artıb. Bu, əlbəttə, bizim nə dərəcədə səmərəli
işləməyimizin göstəricisidir. Ölkələrimizin Baş nazirlərinin
müavinlərinin rəhbərlik etdiyi hökümətlərarası komissiyanın
səmərəli işini də qeyd etmək istərdim. Bu komissiya gömrük
məntəqələrində, nəzarət-buraxılış məntəqələrində yaranan məsələləri
operativ surətdə həll edir və ticari-iqtisadi əlaqələrimizin
strateji planlaşdırılması ilə məşğul olur. Çox xoşdur ki,
qarşılıqlı ticarətin həcmi artır. Fikrimcə, daha çox potensial var.
Ümid edirik ki, biz bu il də əmtəə dövriyyəsinin artmasını
məmnuniyyətlə qeyd edəcəyik.
Şübhəsiz, regionda yeni reallıqlar nəzərə alınmaqla regional
problemlərlə bağlı məsələlər həm regionda etimad, sülh və
təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi, həm də ikitərəfli və
çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün
yaxşı ilkin şərait yaradır. Bu gün Rusiya Federasiyasının
Prezidenti ilə görüşdə biz “3+3” yeni əməkdaşlıq formatının
perspektivlərini də müzakirə etdik. Bu format indiki mərhələdə, ilk
növbədə, nəqliyyat-kommunikasiya, logistika problemlərinə dair fəal
iş aparılmasını nəzərdə tutur. Əminəm, bugünkü diskussiyalar,
aparacağımız fikir mübadiləsi Rusiya, Azərbaycan və Ermənistan
rəhbərlərinin 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatın bütün
bəndlərinin həyata keçirilməsinə xidmət edəcək ki, biz öz
planlarımızı tamamilə reallaşdıra bilək.
Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb.
Əlbəttə, biz diplomatik münasibətlər yaradılmasından bəri əlaqələri
inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən
qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu uğurları qazana
bilməzdik. Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə bizim ticari-hüquqi baza portfelində xüsusi
sənəddir. Əminəm ki, bu sənəd ölkələrimiz arasında dostluq,
mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik
münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək.
Koronavirusa qarşı mübarizədə köməyə görə Rusiya tərəfinə ayrıca
təşəkkür etmək istərdim. Biz çox minnətdarıq ki, bizə mütəxəssis
briqadaları göndərilib, PZR-testlər almışıq və bildiyiniz kimi, biz
“Sputnik-V” vaksinini sertifikatlaşdırmışıq. Vətəndaşlarımızın
sağlamlığını qorumaq üçün biz gələcəkdə də bu istiqamətdə işləmək
niyyətindəyik.
Fikir mübadiləsi aparmaq üçün yaratdığınız bu imkana görə bir
daha sağ olun. Əlaqələndirmə Mərkəzinin çox maraqlı təqdimatına
görə sağ olun və artıq indidən ümumi mülahizələrdən irəli gələn
praktiki məsələləri müzakirə edəcəyik”.