Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu
göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün
həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən
səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq
duyuram.

Bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər bizim üçün
xüsusi əhəmiyyət daşıyır. Çoxəsrlik tolerantlıq ənənələrinə və
multikultural dəyərlərə sadiq qalan Azərbaycanla Müqəddəs Taxt-Tac
arasında illərdən bəri təşəkkül tapmış ali səviyyəli səmimi dialoq
və qarşılıqlı anlaşma bizi olduqca sevindirir.

Bu münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək
qiymətləndirir, dinlərarası və mədəniyyətlərarası konstruktiv
dialoqun təşviqində Azərbaycanın öncül roluna verdiyiniz qiymətə
görə minnətdarlığımı bildirirəm.

Azərbaycanda dini-mənəvi müxtəlifliyin, o cümlədən xristian dini
irsinin qorunub-saxlanılması dövlət siyasətinin əsas
istiqamətlərindən birini təşkil edir. Bu xüsusda, ölkəmizdə katolik
dini icmasına böyük diqqət və qayğı göstərilir. Eyni zamanda,
Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr
ölkəmizin dünya mədəni irsinin qorunmasına verdiyi önəmin bariz
nümunəsidir.

İnanıram ki, ümumbəşəri dəyərlərin təbliği və
sivilizasiyalararası anlaşmanın bərqərar olması naminə Azərbaycan
ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı fəaliyyət və səmərəli
əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam
edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, humanizm ideallarının
təntənəsi uğrunda ali mənəvi missiyanızda müvəffəqiyyətlər
arzulayıram”.

Teqlər: