Qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə
aparmışıq.
AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə
Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini
qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: “Nəyi qazanmışıqsa, öz əməyimizlə
qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə,
gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni,
feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu
prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də
vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün
çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır.
Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə
aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü
görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir
və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına
qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü
göstərmisiniz. Həm qələbə münasibətilə, həm ləyaqətli davranış
münasibətilə sizi təbrik edirəm. Əlbəttə ki, biz hamımız, bütün
Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyir”.