Sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək
deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq.
AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə
Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar
videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: “Dövlət tərəfindən bütün bu məsələlər
tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır.
Amma hələ də belə hallar var və mən bütün qurumları, dövlət
qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol
verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca
getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla
korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son
qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox
ciddi yanaşmalıdır – Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində
yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı
vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək.
Ancaq yenə də deyirəm, son vaxtlar görülmüş tədbirlər
nəticəsində Bakının memarlıq ansamblı xeyli sağlamlaşdı. Bu gün bir
daha demək istəyirəm, Bakı unikal şəhərdir, dünyanın ən gözəl
şəhərlərindən biridir. Bunu hər kəs deyir, mənim aləmimdə Bakı
dünyanın ən gözəl şəhəridir. Hamımız Bakını sevirik, Bakını
qorumalıyıq və yenə də deyirəm, şəhər inkişaf etməlidir, ancaq
planlı şəkildə. Bundan sonra da müasir memarlıq Bakının
qədimliyini, o qədim tarixi simasını pozmamalıdır. Bu iki önəmli
amil bir-birinə ziddiyyət təşkil etməməlidir, əksinə, qədimlik və
müasirlik – Bakının xüsusi aurası qorunmalıdır və əminəm ki, biz
buna nail olacağıq”.