Prezident İlham Əliyev: Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər

Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 14-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı bildirib:

“Biz Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə – həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Biz dünən də, bu gün də Belarusun aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini geniş müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı. Mən daha sonra dedim ki, biz ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Belarus da Azərbaycan üçün belə ölkədir. Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq. Biz bu sahədə məsləhətləşmələri davam etdirmək üçün Azərbaycan hökumətinin üzvlərinin Belarusa səfərləri barədə artıq razılıq əldə etmişik”.

Teqlər: