Prezident İlham Əliyev: Qarabağ və Zəngəzurda yer üzündə cənnət nümunəsi yaradacağıq

Qarabağ və Zəngəzurda yer üzündə cənnət nümunəsi
yaradacağıq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 5-də
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd
Şərifi qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Hazırda bizim qarşımızda böyük çağırışlar var. Əminəm ki, bizim
planlarımız barədə sizə məlumat verilib. Ola bilsin ki, bizim bərpa
prosesimizin müəyyən nəzərəçarpan hissəsini görmüsünüz. Bu, böyük
işdir. İndiyə qədər biz nə beynəlxalq təşkilatlardan, nə də
dünyanın heç bir ölkəsindən beynəlxalq yardım olaraq bir dollar
belə almamışıq. Gördüyümüz bütün işləri öz hesabımıza edirik. Biz
bunu etməyə davam edəcəyik. Lakin əlbəttə qəribədir ki, torpaqların
azad edilməsindən demək olar il yarım keçməsinə baxmayaraq, heç kim
bizə kömək etməyə hazır deyil. Yalnız sözlər, başqa heç nə. Nə
donor konfransı ilə bağlı ideyalar, nə də maliyyə dəstəyi var.
Hətta məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar
Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur. Bu, təəssüf doğurur.
Bilirsiniz, biz əraziləri bərpa edəcəyik, Qarabağ və Zəngəzurda
dediyim kimi yer üzündə cənnət nümunəsi yaradacağıq. Biz bunu nəyin
bahasına olursa-olsun edəcəyik. Lakin düşünürəm ki, beynəlxalq
təşkilatların, donor təşkilatların, böyük fondların bu etinasızlığı
qəbuledilməzdir. Ümidvarıq, BMT öz qurumları və öz kommunikasiya
kanalları vasitəsilə bizi dəstəkləyəcək, bu mühüm mesajı çatdıracaq
ki, Azərbaycanın dəstəklənməyə ehtiyacı var. Biz sizin səfərinizi
bu dəstəyin əlaməti hesab edirik. Əminəm ki, orada gördükləriniz
barədə hesabat verəcəksiniz. Çünki, eşitmək, bilmək, oxumaq ayrı,
gəlib öz gözlərinizlə görmək isə ayrı məsələdir.

Həmçinin dünyanın erməni barbarlığı haqqında öyrənməyi vacibdir.
Bu, cəzalandırılmalıdır. Biz müharibə zamanı onları elə
cəzalandırdıq ki, onlar bunu heç vaxt unutmayacaqlar, lakin
təcavüzkar beynəlxalq səviyyədə də cəzalandırılmalıdır. Əlbəttə ki,
təzminat məsələsi var. Biz təzminat tələb edirik. Bu məsələni
beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq
beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik.
Beləliklə, planlar bundan ibarətdir. Düşünürəm ki, gələn ilin
proqramı üçün biz əməkdaşlığımızı yaranmış bu mühüm reallığa
uyğunlaşdırmalıyıq.

Hazırda minalar səbəbindən keçmiş məcburi köçkünlərin işğaldan
azad edilmiş ərazilərə geri qaytarılması mümkün deyil. Əfsuslar
olsun ki, indiyədək bizdə minalar səbəbindən 200-dən çox insan
həlak olub və ya ağır yaralanıb. Ərazilərin bu minalardan
təmizlənməsi böyük təcrübə və texniki imkanlar tələb edir. Həmçinin
biz geri qayıdacaq insanlar üçün layiqli şərait yaratmalıyıq və
proses başlayıb. Əminəm ki, siz ölkəmizə yenidən səfər edəcəksiniz,
çünki, bu, qlobal miqyasda həqiqətən də çox mühüm məsələdir.
Düşünürəm ki, bizim Livan böyüklüyündə ərazini necə bərpa
edəcəyimiz, işğaldan, dağıntıdan və başqa ciddi problemlərdən
əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunə olacaq. Əminəm ki,
bizim kimi eyni problemlərlə üzləşən və ya üzləşmiş bütün digər
ölkələr üçün nümunə ola bilərik. Bir daha xoş gəlmisiniz. Bizimlə
olduğunuz üçün təşəkkür edirəm”.

Teqlər: