Prezident İlham Əliyev: Qarabağ məsələsində bir faiz güzəştə getmədim

Qarabağ məsələsində bir faiz güzəştə getmədim.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bütün təzyiqlərə, bütün cəhdlərə, – ondan sonra da cəhdlər olmuşdu, – baxmayaraq, Qarabağ məsələsində bir faiz güzəştə getmədim. Bunun əksinə, 2003-cü ildə Prezident seçiləndən sonra demişdim ki, artıq nə danışılıb, qalsın kənarda. Mən bunu tanımıram. Sıfırdan başlamalıyıq danışıqlara, sıfırdan. Bütün təzyiqlərə baxmayaraq, buna nail oldum. Məhz bunun nəticəsində Madrid prinsipləri ortalığa çıxdı. Bəli, Madrid prinsipləri bizi tam qane etmirdi. Mən bunu gizlətmirəm. Ancaq Madrid prinsiplərinin əsasında bizim torpaqlarımızın azad edilməsi nəzərdə tutulurdu. Mən dəfələrlə demişdim ki, heç vaxt ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb, olmayacaq və həyat bunu təsdiqlədi. Mənim o vaxt danışıqların uğurla başa çatmasına inamım var idi. Çünki mən bu vəzifəyə təzə seçilmişdim, hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəfmüqabil nəyi deyirsə, o da həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər. Onu sonra anladım”.

Teqlər: