Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 24 dekabrda – öz adgünündə Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündəki nitqinə dair rəylər, açıqlamalar, müsahibələr Azərbaycan gündəmində baş mövzudur.
Doğrusu, bu baş mövzunun aparıcı xəttini Prezidentin 50 illik yubileyini Ağcabədidə məcburi köçkünlərlə keçirməsi ilə bağlı xoşməramlı müqayisə təşkil edir və bu çox təsirlidir. İlham Əliyev sözü imzası qədər keçərli siyasi lider, dövlət xadimi, ölkə başçısı, Müzəffər Ali Baş Komandandır. Artıq heç bir vicdanlı insanda şübhə yoxdur ki, Azərbaycan Prezidentinin verdiyi sözlər ən uyğun zamanda ən səmərəli şəkildə yerinə yetirilir və biz əldə edilən nəticələrin alternativlərin ən yaxşısı olduğunu görürük.
Vaxtilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və Şuşa şəhər İcra hakimiyyətinin yerləşdiyi bina indi Qərbi Azərbaycan İcmasının sərəncamındadır. Elə yalnız bu faktın özü dövlət başçısının gələcəyə baxışını və keçilmiş yolu çox gözəl təcalla etdirməkdədir.
Bəli, 4-5 ay öncədən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İB Qərbi Azərbaycan İcmasına çevrilib. Əsil hədəfə, əsil liderlə gedərkən gediləcək yol da, o yolu nə vaxta, kimlərlə getmək də gün kimi aydın olur. Əlbəttə, “Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”!
Yaxın tarixə qısa ekskurs edək:
“Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. – Prezident İlham Əliyev bu sözləri 44 günlük Vətən Müharibəsindən aylar öncə – 16 iyul 2020-ci ildə (Nazirlər Kabinetinin 2020-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında) deyirdi. Dövlət başçısı əminliklə bildirirdi ki, “Biz lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər”. – O sözlərin xüsusi dəyəri bu gün daha dərindən idrak edilir.
Cənab Prezidentin o gün nələri nəzərdə tutduğunu xalqımız indi daha gözəl anlayır. Ona görə də qürurla, inamla vurğulayırıq ki, vaxt gələcək, 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının qərargahında verilmiş ismarışların da həyata keçməsinin sevincini, fərəhini bölüşəcəyik. Bölüşəcəyik ki, çoxalsın. Etiraf edək, bəzən Qərbi azərbaycanlıların haqlarını ikinci plana keçirirmişcəsinə belə suallar da çıxır ki, bəs Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisi sayılan Zəngəzura, Göyçəyə, İrəvana və b. yerlərə biz necə, hansı yolla qayıdacağıq?
Bu sualın cavabını qoy Ermənistan düşünsün – bizim soydaşlarımızın, ən azı Ermənistan SSR-dən 1988-ci ildə didərgin salınmış azərbaycanlıların haqlarının bərpasını ermənilər özləri necə təsəvvür edir?
Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması yönündə üç onillik boyunca aparılmış danışıqlarda qeyri-obyektiv, ədalətsiz yol tutmağın bədəlini ödəmiş Ermənistan özü üçün bir analogiya aparmalıdır. Ermənistan siyasi rəhbərliyi, dünya erməniliyi və erməni havadarları anlamalıdır ki, haqsızlıq, ədalətsizlik, ikilistandartlar, ən adi insan hüquqlarına arxa çevirməklə həmişə ayaqda qalmaq mümkün olmayacaq. Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmasının dinc yoluna qapı aralanmalıdır. Ən azı 1988-ci ildə didərgin salınmış 300 minə yaxın azərbaycanlı ilkin mərhələdə öz mülklərini bərpa etməli, öz ocaqlarını yenidən şenləməlidir. Ümumiyyətcə Ermənistan ərazisinin başdan-başa tarixi Azərbaycan torpaqları olduğu bir həqiqətdir, tarixi gerçəklikdir. Sən həm bizim tarixi torpaqlarımızda dövlət quracaqsan (daha doğrusu səninçün dövlət quracaqlar), həm də 9 min km2-lik ilkin “ərazin”i Kremlin sayəsində qanunsuz şəkildə 29 min km2-ədək genişləndirəcək, bunlar azmış kimi, Azərbaycan Respublikasının ərazilərinə də göz dikəcəksən?
Ermənistan anlamalıdır ki, o dönəm qapandı, o saxtakarlıqlar siyasəti keçmir və qarşısında Qalib Azərbaycan var!
“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Qərbi Azərbaycan İcması nə edəcək?
Yol xəritəsini ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan zərgər dəqiqliyi ilə cızdı. İş məqsədyönlü şəkildə, nəticəyə hesablanmış tərzdə aparaılacaq. İlk növbədə, Qərbi Azərbaycanla bağlı həqiqətlər dünya ictimaiyyətinə sistemli şəkildə çatdırılacaq. Bu işlər elm müstəvisində, siyasi-dplomatik müstəvidə davam və inkişaf etdiriləcək. – “Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər.
…XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn on minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb”.
Bəli, artıq hər cür texniki imkanla təchiz olunmuş yeni qərargahda fəaliyyət göstərən Qərbi Azərbaycan İcması fəaliyyətdədir. Siyasi iradə mövcuddur, dövlət başçısının göstərişləri, tövsiyələri bəllidir, dövlət orqanları gərəkli dəstəyi göstərir və bu dəstək artan xətlə davam edəcək. Əlbəttə, fəaliyyət yalnız qərargahda, yalnız Bakıda və yalnız virtual aləmdə deyil, ümumrespublika miqyasında və xaricdə də göstəriləcək. İnanırıq ki, İcmanın çalışmaları getdikcə daha da güclənəcək, genişlənəcək, böyüyəcəkdir.
Qərbi Azərbaycan İcmasının genişlənən fəaliyyəti özünü məqsədyönlü şəkildə karlığa, korluğa vuranlara göstərəcək ki, rəsmi İrəvan tarixi necə saxtalaşdırıb və saxtalaşdırır. Dünya erməniliyinin yalanları ifşa olunacaq. Qərbi Azərbaycanlıların dəfələrlə və əlbəttə tam qanunsuz olaraq deportasiyaya məruz qalması faktlarla, təkzibolunmaz materiallarla dünyaya duyurulacaq. Hər kəslə öz anladığı dillə danışılacaq.
Bir sözlə, Qərbi Azərbaycanlıların haqq-hüquqları bərpa edilməlidir, onlar öz dədə-baba yurdlarına, öz ev-eşiklərinə qayıtmalıdır.
“Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır.
…Qayıdış Konsepsiyası hazırlanmalıdır. Bu sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik;
…Vahid informasiya fəaliyyəti. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır”. – Prezidentin bu sözləri aydın yol xəritəsidir!
Bəli, milli gələnəyimizə, demokratik dəyərlərə daim sadiq qalan dövlət başçımız özünün bu ilki adgününü də xalqı ilə birlikdə keçirdi. İlham Əliyev öncəki illərdə 24 dekabr günündə adətən, məcburi köçkünlərlə bir yerdə olurdu. Qərbi Azərbaycan İcması ilə görüş Prezidentin özünün adət-ənənəsinə və xalqımızın dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdi.
Dövlətimiz var olsun!