Prezident İlham Əliyev: Ötən otuz ildə Azərbaycan-Fransa əlaqələri dinamik inkişaf edib, səmərəli əməkdaşlıq münasibətləri formalaşıb

1993-cü ildə Azərbaycan ilə Fransa arasında imzalanmış dostluq,
qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə ikitərəfli
münasibətlərimizin təməl prinsiplərini və inkişaf xəttini müəyyən
etmişdi. Azərbaycan bu prinsiplərə daim sadiq qalaraq Fransa ilə
bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına
çalışmışdır.

AzerTimes-ın məlumatına görə, bu
fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ölkələrimiz
arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə
əlaqədar ünvanlandığı təbrik məktubunda ifadə olunur.

Məktubda vurğulanır ki, ötən dövr ərzində Azərbaycan-Fransa
əlaqələri dinamik inkişaf edib, səmərəli əməkdaşlıq münasibətləri
formalaşıb və bir çox sahələrdə yaxşı nailiyyətlər əldə olunub: “Bu
gün Fransa şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak
edir, Bakıda Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti
uğurla fəaliyyət göstərir. Mehriban Əliyevanın bilavasitə
rəhbərliyi altında ölkələrimiz arasında mədəni əlaqələrin
inkişafına göstərilən diqqəti xüsusilə qeyd etmək istəyirəm.
İnanıram ki, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə
qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da
xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir”.

Teqlər: