Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik
enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə mühüm
enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya
yatırmağa imkan verib.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji
Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin
rəsmi açılış mərasimindəki çıxışında deyib.
Bu il dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və
“Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirildiyini
xatırladan dövlətimizin başçısı bildirib ki, hazırda ümumi istehsal
gücü 470 meqavat olan günəş və külək elektrik stansiyaları inşa
edilir. “Gələn il bu iki stansiya istifadəyə veriləcək və bu yalnız
başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox
aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik”, –
deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
Azərbaycan Prezidenti çıxışında Xəzər dənizinin və işğaldan azad
edilmiş ərazilərin bərpaolunan enerji potensialından da danışıb.
Qeyd edib ki, hesablamalara görə, Xəzər dənizinin Azərbaycan
sektorunun potensialı 150 min meqavat, Kəlbəcər və Laçının
potensialı isə 9-10 min meqavat təşkil edir.