Prezident İlham Əliyev neft bazarında koordinasiyanın təşviqi ilə bağlı uzaqgörən ideya irəli sürən ilk dövlət başçısı oldu – Barkindo (MÜSAHİBƏ)

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Prezidenti İlham Əliyev OPEC ölkələri ilə kartelə daxil olmayan ölkələr arasında neft bazarında koordinasiyanın təşviqi ideyasını irəli sürən ilk dövlət başçısı oldu.

Bu barədə AzerTimes-a özəl müsahibəsində OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

“Əslində, 2016-cı ildə Davosda keçirilən Dünya İqtisadi Forumunda 2014-2016-cı illərdə neft bazarında ciddi tənəzzülün öhdəsindən gəlməyə kömək etmək üçün OPEC və qeyri-OPEC ölkələri arasında neft bazarında koordinasiyanın təşviqi ideyasını birinci olaraq Zati-aliləri Prezident İlham Əliyev irəli sürüb. O, belə yenilikçi və uzaqgörən təklifi irəli sürən ilk dövlət başçısı olub. Prezident İlham Əliyev bir addım öndə idi, və neft istehsal edən 24 ölkə, o cümlədən Azərbaycan 2016-cı il dekabrın 10-da Vyanada keçirilən OPEC və kartelə daxil olmayan ölkələrinin nazirlərinin birinci görüşündə dünya neft bazarının sabitləşməsini könüllü hasilat tənzimlənməsi hesabına sürətləndirmək üçün birgə səylər barədə razılığa gələndə onun müdrik fikrini reallığa çevirdik”, – deyə M.Barkində bildirib.

O, həmin vaxtdan Azərbaycanın bu səylərin önündə olduğunu və 2019-cu ilin martında ölkədə Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasının keçirildiyini qeyd edib:

“Azərbaycanın neft sənayesi tarixində müstəsna rolunu nəzərə alaraq, iclas iştirakçılarının bu ölkəyə səfəri bir növ “ziyarətə” çevrilib. Bakıda, Bibiheybət ərazisində ilk 21 metrlik kəşfiyyat neft quyusu 1846-cı ildə qazılıb. Mən şəxsən Prezident İlham Əliyevlə, o cümlədən energetika naziri Pərviz Şahbazovla dəfələrlə görüşməkdən böyük şərəf görmüşəm. Onu da qeyd etmək istəyirəm ki, 2016-cı ilin sonunda Əməkdaşlıq Bəyannaməsinin imzalanmasına səbəb olan müzakirələrdə o vaxtkı energetika naziri Natiq Əliyev mühüm rol oynayıb. Biz OPEC-də Azərbaycanın güclü dəstəyinə və gözəl töhfəsinə görə son dərəcə minnətdarıq və ölkə ilə sıx əməkdaşlığı davam etdirməyinə ümüd edirik, çünki biz əməkdaşlığın bu tarixi əsasını gücləndirmək üçü irəliləyirik”.

OPEC baş katibinin sözlərinə görə, Azərbaycan Əməkdaşlıq Bəyannaməsinin 2016-cı ilin sonunda qəbul edilən vaxtdan bəri onun həyata keçirilməsində aparıcı rol oynayır.

Pandemiyadan sonra neft bazarı

Onun sözlərinə görə, koronavirus pandemiyası OPEC-in monitorinqinin, təhlilinin və qərar qəbulunun xarakterini xeyli dəyişib. OPEC baş katibi bildirib ki, lazımi investisiyalar olmasa, neftə tələb təklifi üstələyə bilər:

“COVID-19 pandemiyası, onun yayılması və yerli, regional və qlobal səviyyədə bloklama və məhdudiyyətlərin sporadik təsirinin gözlənilməz aspektləri aylıq görüşlərimizdə nümayiş etdirildiyi kimi ayıq və fəal olmağın zəruriliyini aktuallaşdırıb.Lakin ümumilikdə neft bazarının ümumi dinamikası az dəyişib və hətta pandemiya şəraitində belə, OPEC və Əməkdaşlıq Bəyannaməsi iştirakçılarının diqqəti hələ də bazar tarazlığının və sabitliyin təmin edilməsi zərurətinə yönəlib”.

Baş katib qeyd edib ki, bundan əlavə, pandemiyanın nəticələri investisiya problemlərinin miqyasının artmasına səbəb olub və əməkdaşlığın əhəmiyyətini aktuallaşdırıb:

“Əməkdaşlığın əhəmiyyəti pandemiyanın ilkin mərhələlərində, həm istehsalçıların, həm də ən yüksək səviyyələrdə, o cümlədən G20 çərçivəsində istehlakçıların Əməkdaşlıq Bəyannaməsi çərçivəsində fəaliyyətə dəstək vermək üçün bir araya gəldiyi zaman aydın oldu. İnvestisiya baxımından sənayemiz üçün bu böyük problem pandemiya nəticəsində daha da ağırlaşdı. Təkcə neft sektorunda kəşfiyyat və hasilat kapitalı xərcləri 2020-ci ildə 30 faizdən çox azalıb ki, bu da 2015-2016-cı illərdə sənayenin ciddi tənəzzülü zamanı qeydə alınan kəskin azalmanı aşdığı üçün narahatedici əlamətdir”.

Bundan əlavə, onun sözlərinə görə, xammala tələbat artmaqda davam etdiyindən neft və qazın keçmişin bir hissəsi olması barədə daim yayılan fikirlər yanlışdır:

“OPEC 2021 Dünya Neft Proqnozunda deyilir ki, gələcək tələbatı ödəmək üçün təkcə qlobal neft sektorunun gələcək təlabatın ödənilməsi üçün 2045-ci ilə qədər Upstream, Midstream və Downstream-ə 11,8 trilyon dollarlıq birgə investisiyaya ehtiyacı var. Bu investisiyalar həm istehsalçılar, həm də istehlakçılar üçün vacibdir, çünki bu investisiyalar olmadan tələb təklifi üstələyəcək. Əslində, bütün bu bazar balansı və sabitliyi, əməkdaşlıq və investisiya məsələləri bir-biri ilə bağlıdır ki, bu da 2021-ci ilin sonunda enerji bazarlarında əlverişlilik, təhlükəsizlik və tullantıların azaldılması ilə bağlı gərginlik və münaqişələrin yarandığı vaxtda aydın oldu”.

Baş katibin sözlərinə görə, maraqlı tərəflərin bütün bu məsələlərə diqqət yetirməsi son dərəcə vacibdir:

“Yadda saxlamaq lazımdır ki, yalnız bir məsələyə diqqət yetirmək, qalanlarına məhəl qoymamaq gözlənilməz nəticələrə səbəb ola bilər. Pandemiyadan çıxış yolu xəritəsini tərtib edərkən və gələcək enerji keçidini nəzərdən keçirərkən bu, diqqət mərkəzində olmalıdır. OPEK və Əməkdaşlıq Bəyannaməsi iştirakçılarının qiymətlərə əsaslanmadıqlarını vurğulamaq vacibdir. Biz lazımi sərmayələr üçün platforma təqdim edən davamlı sabitliyə malik balanslaşdırılmış bazar təmin etməyə çalışırıq. Bütün pandemiya dövründə verdiyimiz qərarlar buna yönəldilib, bunu əldə olduğumuz məlumatlar, təhlilimiz və qərarların qəbulunda tam şəffaflığı sübut edir. Gələcəyə nəzər salaraq, biz bazarın dəyişən dinamikasını daim izləyirik”.

“Əməkdaşlıq Bəyannaməsi”nin icrasının yekunları haqqında

M.Barkindo bildirib ki, biz 2022-ci ildə balanslaşdırılmış bazar və davamlı sabitliyin təmin edilməsinə kömək etmək üçün həmişə olduğu kimi ayıq və çevik qalırıq, bu, həm neft istehsalçılarının, həm də istehlakçıların maraqlarına cavab verir.

Baş katib 2021-ci ildə qəbul edilmiş Əməkdaşlıq Bəyannaməsi ilə bağlı qərarların bazara stabilləşdirici təsir göstərdiyini qeyd edib.

“Bunlara 1 aprel 2021-ci il tarixli Nazirlərin 15-ci iclasında qərar verildiyi kimi, may ayından aylıq istehsal həcmlərinin artırılması da daxil idi və bu, sonrakı iclaslarda təsdiqləndi və genişləndirildi. Üstəlik, ötən ilki istehsal korreksiyalarına yüksək səviyyədə əməl olunması bəyannamə iştirakçılarının üzərinə götürdüyü öhdəliklərin ciddiliyindən xəbər verir və ehtiyatların azaldılmasında və bazarın balanslaşdırılması prosesinin sürətləndirilməsində əsas rol oynayıb”.

O qeyd edib ki, 2021-ci il dekabrın 10-da Əməkdaşlıq haqqında Bəyannamənin qəbul edilməsindən 5 il keçir:

“Bu əməkdaşlığın son beş ildə nə qədər irəlilədiyini xatırlamaq vacibdir, bunu pandemiya fonunda qəbul edilən qərarlar sübut edir. Əməkdaşlıq Bəyannaməsi aparıcı neft istehsalçıları tərəfindən son beş il ərzində kritik anlarda qlobal neft sənayesini xilas etməyə kömək edən görünməmiş əməkdaşlıq və şəffaf çərçivədir. Bu qrup ölkələr və atılan cəsarətli addımlar olmasaydı, neft sektoru, şübhəsiz ki, çox fərqli vəziyyətdə olardı”.

Aşağı karbonlu gələcəkdə neft-qaz sektorunun rolu

OPEC-in baş katibi deyib ki, neft və qaz sənayesi aşağı karbonlu gələcəyi təmin etməyə kömək edə bilər:

“Biz aydın anlamalayıq ki, aşağı karbonlu gələcək qurmağın bir çox yolu var. İstər ölkə, istərsə də sənaye olsun, burada vahid bir yol yoxdur. Hamıya uyğun bir yol yoxdur. Biz bütün variantlara, həllərə və texnologiyalara əsaslanan yanaşmadan istifadə etməliyik. Neft və qaz sənayesi həllin bir hissəsidir; onlar aşağı karbonlu gələcəyi təmin etməyə kömək edə biləcək həyati resurslara və təcrübəyə malikdirlər. OPEC innovasiya və texnoloji tərəqqi və bütün mövcud enerji mənbələrində daha təmiz və daha səmərəli texnoloji həllərin tapılması ehtiyacını dəstəkləyir”.

O, OPEC-in elmi dəstəklədiyini və həll yollarının karbonun utilizasiyası və saxlanması (CCUS), hidrogen istehsalı, həmçinin enerji səmərəliliyinin artırılması və dairəvi iqtisadiyyatın təşviqi kimi texnologiyalarda tapıla biləcəyini hesab etdiyini vurğulayıb:

“Bundan əlavə, gələcək enerji keçidinin bir çox aktiv mərhələlərə malik olduğunu və elmə, faktlara və etibarlı məlumatlara əsaslanmalı olduğunu başa düşmək çox vacibdir. Burada söhbət ədalət, inklüzivlik və qarşılıqlı faydadan gedir. Biz enerjinin hamı üçün əlçatan olmasını təmin etməliyik, BMT-nin Dayanıqlı İnkişaf Məqsədi 7-də qeyd edildiyi kimi, hər kəsin elektrik enerjisinə çıxışı olduğu daha inklüziv, ədalətli və bərabər hüquqlu dünyaya doğru irəliləməliyik”.

Твиттер: @Lyaman_Zeyn

Teqlər: