Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk.
Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət ilə
səciyyələnən münasibətlərimiz otuz illik dövr ərzində böyük inkişaf
yolu keçib.
AzerTimes-ın məlumatına görə, bu
fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə
Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının
30 illiyi ilə əlaqədar Roma Papası Fransisk həzrətlərinə təbrik
məktubunda yer alıb.
“2002-ci ilin mayında Papa II İohann Pavelin və 2016-cı ilin
oktyabrında Zati-müqəddəslərinizin Azərbaycana tarixi səfərləri həm
ikitərəfli əlaqələrimiz, həm də sivilizasiyalararası dialoq
baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Mən də Vatikana etdiyim üç
rəsmi səfəri, Sizinlə həm Bakıda, həm də Vatikanda keçirdiyimiz
görüşləri ən xoş təəssüratlarla xatırlayıram. 2008-ci ildə Bakıda
Katolik Kilsəsinin açılışı münasibətlərimizin tarixində əlamətdar
hadisələrdən biri olmuşdur. 2012-ci ildə isə Vatikanda ilk dəfə
müsəlman ölkəsinə – Azərbaycana həsr olunmuş sərgi keçirilmişdir.
Bütün bunlar dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi,
ümumbəşəri dəyərlərin qorunub saxlanması, insanlar arasında
həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlığımızın və birgə
səylərimizin təzahürüdür”, – deyə təbrikdə qeyd olunur.
Dövlətimizin başçısı məktubunda Heydər Əliyev Fondu ilə Müqəddəs
Taxt-Tac arasında formalaşmış səmərəli əməkdaşlığı xüsusi
vurğulayır. Bildirilir ki, Fond tərəfindən Vatikanda bir sıra
bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpası həyata
keçirilmiş, mədəni irsin qorunması sahəsində böyük işlər
görülmüşdür. Fondun reallaşdırdığı bu layihələr multikultural
dəyərlərə sadiq olan və bu dəyərləri təşviq edən ölkə kimi
Azərbaycanın ənənəvi rolunu bir daha təsdiq edir.
Prezident İlham Əliyev Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında
əlaqələrin inkişafında, konstruktiv dialoqun genişlənməsində
Fransisk həzrətlərinin böyük şəxsi töhfəsini qeyd edərək, ölkəmizin
multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyi yüksək
qiymətə görə ona təşəkkürünü bildirib.
Məktubda Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq
bundan sonra da sivilizasiyalar və dinlərarası dialoqun, dünyada
tolerantlığın təşviqinə xidmət edəcəyinə inam ifadə olunur.