Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
Vladimir Vladimiroviç ilə biz daim dialoq aparır, müntəzəm əlaqə saxlayırıq. Biz həm ikitərəfli gündəlik çərçivəsində, həm də bizim regionda münaqişədən sonrakı inkişafla bağlı vəziyyət çərçivəsində çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Deməliyəm ki, əlbəttə, indiki vəziyyət, münaqişədən sonrakı vəziyyət bütün səviyyələrdə daha sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir. Mən onu da bilirəm ki, siz azərbaycanlı həmkarınızla çox sıx əlaqə saxlayırsınız. Bütün bunlar ona gətirib çıxarır ki, biz müsbət inkişafı, təhlükəsizliyin, sabitliyin möhkəmlənməsini, hərbi əməliyyatların yenidən başlanması risklərinin minimallaşdırılmasını və tariximizin bu qara səhifəsini çevirmək istəyini müşahidə edirik. Hər halda, Azərbaycan buna hazırdır. Yüksək səviyyədə dəfələrlə səslənmiş bəyanatlar kommunikasiya layihələrinin inkişafı məsələsində bizim mövqeyimizə dəlalət edir. Bu barədə noyabrda müharibənin yekunları üzrə Bəyanatda da deyilib və bu istiqamətdə çox fəal iş aparılır. Bildiyiniz kimi, bu yaxınlarda – iki həftə bundan əvvəl Moskvada geniş ikitərəfli gündəlik üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası, habelə üç ölkənin Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib. Mənim fikrimcə, həmin görüşdə birgə Bəyanatın mühüm bəndinin – nəqliyyat dəhlizlərinin açılması bəndinin reallaşması üzrə önəmli addımlar atılıb. Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq. Konkret müddətlər nəzərdə tutmuşuq və bu layihənin ən yaxın vaxtlarda reallaşması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq.