Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və
indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq
vaxtıdır.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 31-də
Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri
Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən
deyib.
Dövlət başçısı bildirib:
“Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində bizi daim
dəstəklədiyinə görə Polşaya minnətdarıq. Bu proses indi sürətlə
gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilmişdir ki,
Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş
nazirinin mənimlə yeni görüşü olacaqdır. Ümid edirəm ki, bu görüş
məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz
Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün
olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan
bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini
təqdim edib.
Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və
indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq
vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar
daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu
mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi
məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki,
Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.