“Azərbaycan Prezidenti cənab İlham Əliyevin TASS agentliyində bu
ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə
keçirdiyi görüş Rusiya ictimaiyyətinin ölkəmizdə və Cənubi Qafqaz
regionunda gedən proseslərə, eləcə də Rusiya-Azərbaycan
münasibətlərinin əsas inkişaf istiqamətlərinə və dinamikasına olan
böyük marağını bir daha nümayiş etdirdi. Rusiya KİV rəhbərlərinin
dövlət başçımıza ünvanladıqları, sualları hər zaman olduğu kimi,
dürüst və dolğun cavablandıran dövlət başçımız isə Azərbaycanın
obyektiv və sülhsevər mövqeyini bir daha bütün dünyaya
göstərdi”.
Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası
Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili
bildirib ki, Rusiyanın aparıcı KİV rəhbərlərinin verdikləri
suallar, ilk növbədə, Rusiya-Azərbaycan münasibətlərinin yeni
formata keçidi barədə olub. Bu isə fevral ayının 22-də Moskavada
imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında
qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannaməyə olan
maraqdan irəli gəlir: “Əlbəttə ki, bu görüşün ölkələrimiz arasında
qarşılıqlı müttəfiqlik münasibətləri haqqında Bəyannamənin
imzalanmasından dərhal sonra baş tutması heç də təsadüfi deyildi.
Dövlət başçımızın da qeyd etdiyi kimi, Rusiya ilə Azərbaycan
arasında indiyədək 200-dən artıq sənəd imzalanıb. Lakin müttəfiqlik
fəaliyyəti haqqında Bəyannamə xüsusi sənəddir. Bu sənədlə Rusiya
ilə Azərbaycan arasında münasibətlərin xarakteri rəsmən təsbit
edilmiş oldu. Ölkələrimiz arasında bundan əvvəl mövcud olan
müqavilədə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müddəalar
öz əksini tapmışdısa da, o sənəd müttəfiqlər kimi münasibətlərin
formatını müəyyən etmirdi. Münasibətlərin indiki formatı isə ən ali
formatdır.” – deyə K.Qafarov qeyd edib.
Millət vəkili erməni əsilli jurnalistin qərəzli sualını
cavablandırarkən Prezident İlham Əliyevin ölkəmizdə əsl tolerantlıq
və multikulturalizm mühitinin formalaşdığını, Ermənistanın isə sırf
monoetnik dövlət olmasını və bu ölkənin hələ də bütün beynəlxalq
hüquq normalarını ciddi şəkildə pozan əməllərdən əl çəkmədiyini
böyük məharətlə ortaya qoyduğunu vurğulayaraq deyib: “Azərbaycan
Prezidenti “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin
erməni əsilli baş redaktoru Marqarita Cimonyanın qərəzli və
mahiyyət etibarlı ilə təxribat xarakterli sualını cavablandırarkən
ölkəmizə qarşı hər zaman mənfi ictimai rəy formalaşdırmağa çalışan
erməni təbliğatına növbəti sarsıdıcı zərbəni vurmuş
oldu.Dövlətimizin başçısı Azərbaycanda etnik prinsipə görə ölkəyə
girişə qadağaların olmadığını bəyan etdi və erməni xalqının
nümayəndələrinin Azərbaycana çoxsaylı səfərlərindən konkret
misallar gətirməklə belə bir iddianın tam əsassızlığını sübuta
yetirdi. Prezident İlham Əliyev bir daha xatırlatdı ki, İrəvandan
fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub. Monoetnik dövlət
olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə,
azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan
fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna
görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər
yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan
minlərlə Azərbaycan vətəndaşı yaşayır. Dövlətimizin başçısı
ermənilərin işğalda olmuş ərazilərdə törətdikləri vəhşilikləri,
eləcə də minalanmış ərazilərin dürüst xəritələrin indiyədək
Azərbaycana təqdim olunmamasını da diqqət mərkəzinə çəkib. Qeyd
olunub ki, son 30 il ərzində Qarabağda və Zəngəzurda bütün
Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Görüş
iştirakçılarının diqqətinə çatdırılıb ki, müharibənin
qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması
nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur.
Müharibə başa çatandan sonra ilk aylarda isə, Ermənistanın baş
naziri onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı.
Bu, əlbəttə ki, yalan idi. Cəmi bir neçə aydan sonra artıq onlar
etiraf etdilər ki, belə xəritələr mövcuddur, lakin onları
Azərbaycana verməkdən imtina edirdilər. Bununla Ermənistan
beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və daha çox
insanları ölümə məhkum edirdi. İşğalda olmuş ərazilərdə mövcud
dağıntıların miqyası barədə aydın təəssürat yaratmaq üçün
dövlətimizin başçısı hətta belə bir müqayisə də apardı ki,
Azərbaycan hazırda Livanın ərazisinə bərabər ərazini bərpa
etməlidir. Məhz belə bir ərazidə ermənilər tərəfindən misli
görünməmiş, ağlasığmayan miqyasda vandallıq törədilib. 30 il
ərzində işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in
Minsk qrupu isə bütün bunları görməməyi üstün tutub. Prezident
İlham Əliyev sülh naminə danışıqlar aparılmasının labüd olduğunu
bir daha vurğuladı və ölkəmizin buna hazır olduğunu göstərdi. Lakin
Ermənistan hələ də Azərbaycanın sülh çağırlşlarına cavab vermir”, –
deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.