İndiki dövrə gəldikdə, Minsk qrupunun fəaliyyətini biz demək olar ki, görmürük.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində “Həmsədrlərin ölkələri uzun müddət status-kvonu davam etdirmək strategiyasını yürütdü. Ancaq Zəfərdən sonra Minsk qrupunun, həmsədrlərin yenidən prosesə daxil olması, vasitəçilik diplomatiyası yürütməsi gündəmdədir, belə tələblər var. Bununla əlaqədar nə düşünürsünüz? Bu, gələcəkdə bir həll yolu ola bilərmi, bunun bir faydası olacaqmı?” sualını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib:
“Minsk qrupuna sədrlik edən ölkələr, onların prezidentləri işğal dövründə bir neçə dəfə çox müsbət açıqlamalar verdilər, təqribən 7-8 il bundan öncə. Onlardan biri də o idi və açıq bəyan edilmişdi ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunu çox müsbət qəbul etdik. Şəxsən mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim və demişdim ki, bu, uzun illər ərzində gözlənilən bir açıqlamadır. Status-kvonun dəyişdirilməsi nə deməkdir – işğala son qoyulması. Ancaq bu açıqlamalardan sonra onlar praktiki addımlara keçmədilər. Ondan da əlavə, bir müddət sonra onlar bu ifadədən də geri çəkildilər və həmsədrlər tərəfindən yeni bir ifadə ortalığa atıldı – status-kvo dayanıqlı deyil. Yəni, bunların arasında çox böyük fərq var. Biri var ki, qəbuledilməzdir, bir də var ki, dayanıqlı deyil. Mən o zaman da onları tənqid etmişdim və demişdim ki, bu mövqe dəyişikliyi Ermənistanın işğalçılıq siyasətinin dəyirmanına su tökür. Ancaq təəssüf ki, ondan sonrakı dövr də onu göstərdi ki, Minsk qrupu, sadəcə olaraq, bu məsələni həll etmək fikrində deyildi. Biz 44 günlük müharibə zamanı bunu bir daha gördük. Çünki Birləşmiş Millətlər Təşkilatında bizə qarşı məsələni qaldıran Minsk qrupuna həmsədrlik edən bəzi ölkələr idi. Müharibə gedir, biz öz torpağımızda beynəlxalq hüququ bərpa edirik, ədalət savaşına çıxmışıq. Ancaq Birləşmiş Millətlər Təşkilatında bizə qarşı hansısa sanksiya məsələsini ortaya atmaq tamamilə ədalətsizlikdir.
İndiki dövrə gəldikdə, Minsk qrupunun fəaliyyətini biz demək olar ki, görmürük. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur. Bir dəfə Azərbaycana gəlmişdilər və mən onlara dedim ki, siz təklif verin. Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışımda da mən bütün ölkələrə müraciət etdim və dedim, rica edirəm ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır. Yəni, məsələ – Dağlıq Qarabağ münaqişəsi bitdi. Nə ola bilər? Mənim fikrimcə, yəni, etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, çalışmaq ki, Ermənistan-Azərbaycan arasında bizim təklif etdiyimiz sülh müqaviləsi imzalansın. Yəni, məncə, onların fəaliyyət dairəsi bu gündən sonra bundan ibarət olmalıdır. Yoxsa “Dağlıq Qarabağ” – olmayan qurumun statusu ola bilərmi? Əlbəttə ki, yox. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə “Dağlıq Qarabağ”a status vermək istəyirsə, öz ölkəsində bir ərazi versin, orada bir qurum yaratsın, ya cümhuriyyət yaratsın, onların müstəqilliyini tanısın, biz də tanıyaq. Amma Azərbaycan ərazisində yox!”