Prezident İlham Əliyev – Milyonlarla insanın arzusunu reallığa çevirən Lider

Bu gün, dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev öz ad gününü qeyd edir. Tarixə müzəffər Ali Baş komandan kimi düşən, Azərbaycan torpaqlarını işğaldan azad edən, milli qürurunu xalqa qaytaran Liderin ad günüdür.

Müasir Azərbaycanın bütün uğur və nailiyyətləri İlham Əliyevin adı ilə bağlıdır. Təkcə onu demək kifayətdir ki, son 20 ildə ölkə iqtisadiyyatı dünyada baş verən bir neçə qlobal böhrana baxmayaraq üç dəfədən çox yüksəlib. Prezident İlham Əliyev milli iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sənayesinin inkişafı siyasətinin əsasını qoyub və onun rəhbərliyi altında müxtəlif sahələrdə – makroiqtisadi siyasətdən və biznes mühitindən tutmuş dövlət-vətəndaş münasibətlərinə qədər genişmiqyaslı islahatlar proqramı hazırlanıb. Nəticədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə düşüb, Azərbaycan investisiya cəlbediciliyinə görə dünya reytinqlərində birinci yerə çıxıb, ümumilikdə isə xarici investorlar ölkə iqtisadiyyatına 140 milyard dollardan çox investisiya yatırıb.

Azərbaycan XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini həyata keçirməklə Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. 2004-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə “Regionların İnkişafı üzrə Dövlət Proqramı” qəbul edilib. Ölkənin büdcəsi bir neçə dəfə artıb – sadəcə onu xatırladaq ki, 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi cəmi 1,2 milyard ABŞ dolları idi. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 26,8 milyard manat – təxminən 15,8 milyard dollar təşkil edəcək!

Prezident İlham Əliyev Azərbaycanda sabit, dayanıqlı və davamlı inkişaf edən iqtisadiyyat qurub və güclü, müstəqil Azərbaycanın təməlində məhz bu iqtisadiyyat dayanır. Artıq hamı etiraf edir ki, güclü Azərbaycanla zor gücü ilə danışmaq, kənardan iradəsinə zidd nəsə diktə etmək qeyri-mümkündür.

Ali Baş Komandanın rəhbərliyi altında ölkəmiz ötən ilin payızında öz gücünü nümayiş etdirdi – Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində erməni işğalçılarını darmadağın edərək, ərazi bütövlüyümüzü bərpa etdi. Beləliklə Prezident İlham Əliyev tarixi missiyanı yerinə yetirdi – Qarabağ və Şərqi Zəngəzur azad edildi! Müharibə illərində istər ölkə daxilində, istərsə də xaricdə milyonlarla soydaşımız İlham Əliyevin ətrafında birləşdi. Vətən Müharibəsində Qələbə tariximizin ən parlaq səhifəsinə, bütün dünya azərbaycanlılarının qürur mənbəyinə çevrildi. Həmin günlərdə Prezident İlham Əliyev həm hərbi, həm də diplomatik cəbhədə görkəmli strateq istedadını nümayiş etdirdi.

Dövlət başçısı xaricdən gələn çoxsaylı təzyiqlərə dəyanətlə müqavimət göstərdi, çünki Ermənistan rəhbərliyi Azərbaycanın əks-hücumunu dayandırmaq üçün demək olar ki, hər gün dünyanın ən böyük dövlətlərinin rəhbərlərinə zəng vururdu. Bizə qarşı aparılan informasiya müharibəsinə baxmayaraq Prezident İlham Əliyev Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı. Ölkə başçısı dünyanın aparıcı KİV-lərinə müsahibələrində ölkəmiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırdı. Dövlət başçısı çoxsaylı müsahibələrində Azərbaycanın ədalətli mövqeyini müdafiə etdi. Müharibədə qazanılan qələbə Cənubi Qafqazda tamamilə yeni reallıq yaratdı – artıq nə status-kvo, nə işğal, nə təmas xətləri, nə də “məğlubedilməz” erməni ordusu haqqında mif mövcud deyil.

Müharibənin bitməsindən cəmi bir il keçib, lakin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında azad edilmiş ərazilər artıq yenidən qurulur. Qarabağda və Şərqi Zəngəzurda geniş miqyaslı, sürətli və estetik baxımdan misilsiz işlər aparılır: xarabalıqlar üzərində kəndlər və şəhərlər salınır, hava limanları, rabitə xətləri çəkilir. Bir neçə ay ərzində Füzulidə beynəlxalq hava limanı artıq tikilib istifadəyə verilib, yaxın vaxtlarda isə daha iki hava limanının tikintisi başa çatdırılacaq. Qarabağda və Şərqi Zəngəzurda dirçələn qəsəbələri və rayon mərkəzlərini birləşdirəcək geniş yol şəbəkəsi qurulur. Azərbaycanın əsas ərazisini Naxçıvan və qardaş Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin təməli artıq qoyulub. Qısa zaman kəsiyində həyata keçirilən bu layihələr Azərbaycanı regionun ən böyük tranzit qovşağına çevirəcək, bütün istiqamətlər üzrə tranzit yükdaşımalarını şaxələndirəcək.

Prezident İlham Əliyevin uğurları ölçuyəgəlməzdir, görülən işlərin əzəməti heyranlıq doğurur. Azərbaycan Prezidentinin dünyanın siyasi düzəninə gətirdiyi yeni nəfəs onun Lider portretini aydın canlandırır. Prezidentin rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ən aktual beynəlxalq proseslərin nüfuzlu aktoruna çevrilib. Onun rəhbərliyi, siyasi iradəsi və təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatı yenidən qlobal problemlərə, o cümlədən pandemiyaya qarşı mübarizəyə dair mövqeyi fəallaşıb və möhkəmlənib. Prezident İlham Əliyev ən yüksək tribunadan “peyvənd millətçiliyi” və dünya ölkələri arasında çox ehtiyac duyulan koronavirus vaksinlərinin paylanmasında ikili standartlarla bağlı problemləri sərt şəkildə qaldırır. Azərbaycan da öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatına ianə verməklə yanaşı, bir sıra ölkələrə humanitar yardımlar edir, oraya təmənnasız koronavirusa qarşı vaksinlər göndərir. BMT isə İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş “Pandemiya ilə mübarizədə bütün ölkələr üçün münasib qiymətlərlə peyvəndlərə bərabər, vaxtında, universal əlçatanlığın təmin edilməsi haqqında” qətnamə qəbul edib və qətnaməni üzv ölkələrin mütləq əksəriyyəti dəstəkləyib.

Son iki onillikdə Azərbaycan möhtəşəm layihələr və təşəbbüslər həyata keçirib. Bununla Prezident İlham Əliyev hər kəsə nümayiş etdirdi ki, onun üçün həlli mümkün olmayan problem yoxdur. Öz dəmir iradəsi ilə Prezident İlham Əliyev milyonların arzusunu reallığa çevirdi.

Trend BİA-nın kollektivi Prezident İlham Əliyevin ünvanına dünyanın müxtəlif guşələrindən daxil olan səmimi təbriklərə, arzulara və minnətdarlıqlara qoşulur.

Emin Əliyev
Trend BİA-nın baş redaktoru

Teqlər: