Prezident İlham Əliyev: Mifologiyaya son qoyuldu, heç kim “yenilməz Ermənistan ordusu” haqqında danışmır

Mifologiyaya son qoyuldu, heç kim “yenilməz Ermənistan ordusu” haqqında danışmır.

Trend xəbər verir ki, bu fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı bildirib:

“Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik. Baxın, görün, Ermənistan indi hansı bəyanatlar verir? Otuz il ərzində uydurulan mifologiyadan əsər-əlamət yoxdur. Bəs, haradadır onların “müzəffər” ordusu? Haradadır “yenilməz” erməni əsgəri? Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı, öz dərsini aldı. Daha heç kim dünyada “müzəffər erməni əsgəri” haqqında bir söz demir. Çünki on min fərarisi olan orduda hansı şücaətdən, hansı qəhrəmanlıqdan söhbət gedə bilər? Heç kim “yenilməz Ermənistan ordusu” haqqında danışmır. Ermənistan ordusu yoxdur. Biz onu məhv etmişik, dibdən-kökdən məhv etmişik. Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib.

Ona görə bu mifologiyaya son qoyuldu. Bizə qarşı olan bütün digər erməni iddialarına tədricən son qoyulmalıdır. Mən bunu demişəm və mən söz deyəndə elə-belə söz demirəm. Bu günə qədər nəyi demişəmsə, hamısını da etmişəm. Ona görə bundan sonra da Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur. Məcbur edəcəyik onları”.

Teqlər: