Prezident İlham Əliyev məqsədyönlü siyasəti ilə hədəfə çatdı, torpaqlarımız azad edildi – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin xalqımızın Novruz bayramını Şuşada Cıdır düzündə tonqal qalamaqla təbrik etməsi tarixi hadisə idi və bunun böyük mənəvi əhəmiyyəti var idi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, xalqımız 30 il idi ki, Novruz bayramını Şuşada qeyd etməyi arzu edirdi: “Cənab Prezidentin düşünülmüş siyasəti və ordumuzun qəhrəmanlığı nəticəsində xalqımızın bu arzusu reallığa çevrildi. Novruz bayramını Şuşada qeyd etmək Azərbaycan tarixində əvəzsiz bir hadisə oldu və xalqımızın bayram sevincini ikiqat artırdı, çünki biz bu bayramı qalib xalq kimi qeyd etdik”.

Deputat vurğulayıb ki, dövlət başçısı İlham Əliyev prezidentliyi dövründə torpaqlarımızın azad edilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirdi:

“Cənab Prezidentin fəaliyyətinin mərkəzində torpaqlarımızın düşmən tapdağından azad edilməsi dayanırdı. İllərboyu bu istiqamətdə düşünülmüş və əməli işlər həyata keçirilirdi.

Cənab Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən və düşünülmüş siyasəti uğurla davam etdirərək Azərbaycanı qüdrətli ölkəyə çevirib. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmizdə ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluq 49 faizdən 5 faizə enib. Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir. Azərbaycanın iqtisadi inkişafı ordu quruculuğunun uğurla aparılmasına, ordumuzun ən müasir silahlarla təchiz edilməsinə və şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə imkan verdi.

Bununla yanaşı cənab Prezidentin beynəlxalq müstəvidə məqsədyönlü və qətiyyətli siyasət aparması, bütün platformalarda Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırması, o cümlədən ölkəmizdə gənclərin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi, möhkəm xalq-iqtidar birliyinin yaranması qələbəmizi şərtləndirən mühüm amillər oldu.

Uzun illər ərzində cənab Prezident İlham Əliyev apardığı məqsədyönlü siyasətlə hədəfə çatdı və torpaqlarımız düşmən tapdağından azad edildi”.

Teqlər: