Prezident İlham Əliyev: Məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq istəyir bu, məni çox sevindirdi

Mənə məlumat verildi ki, məcburi köçkünlərin mütləq əksəriyyəti
qayıtmaq istəyir. Bu, məni çox sevindirdi. Mən belə də təxmin
edirdim. Bu, bir daha göstərdi ki, xalqımız öz ulu babalarının
yurduna nə qədər bağlıdır.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın
27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri
ilə görüşdə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

“Mən çox şadam ki, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox
həvəslidirlər. Mən bunu alqışlayıram. İkinci Qarabağ müharibəsi
başa çatandan sonra mən göstəriş vermişdim ki, keçmiş məcburi
köçkünlər arasında sorğu keçirilsin, kim qayıtmaq istəyir, kim
qayıtmaq istəmir. Çünki bilirsiniz, həyat elə şeydir ki, hər şey
ola bilər. 30 il, 27 il böyük bir zaman kəsiyi idi. Məsələn,
Zəngilan 27 il işğal altında idi, digər şəhər və rayonlarımız da
bir qədər çox, bir qədər az. Elə insanlar var ki, artıq onlar həyat
qurublar, haradasa işləyirlər, həyatdan da razıdırlar və heç yerə
getmək istəmirlər, şəhərdə yaşayırlar, Bakıda, Sumqayıtda. İndi
böyük şəhərdən kiçik şəhərə, kəndə qayıtmaq o qədər də asan məsələ
deyil. Bunu hər kəs anlamalıdır. Nəzərə alsaq ki, qayıdış da
könüllü olmalıdır və biz elə şərait yaratmalıyıq ki, hər kəs
qayıtmaq istəsin. Ona görə dedim ki, sorğu keçirək və nəticələrinə
baxaq. Çünki biz indi böyük işlərə start veririk, yaşayış evləri,
məktəblər, xəstəxanalar – bütün bunlar hesablanmalıdır nə qədər
adam yaşayacaq. Çünki böyük məsrəfdir. Mənə məlumat verildi ki,
məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq istəyir. Bu, məni
çox sevindirdi. Mən belə də təxmin edirdim. Bu, bir daha göstərdi
ki, xalqımız öz ulu babalarının yurduna nə qədər bağlıdır. Hətta
Zəngilanı görməyənlər Zəngilanda yaşamaq istəyirlər. Necə ki, Vətən
müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə
getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın
şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün
şəhidlərimizə rəhmət eləsin.

Ancaq insanların qayıdışı üçün şərait olmalıdır. Bax, biz
birinci layihəni icra etdik, bunu təqdim etdik, həm Ağalı kəndinin
sakinlərinə, həm də bütün Azərbaycana. Bizim gələcək planlarımız da
belədir. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib
ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar
qayıtdıqca, əlbəttə ki, bütün qalan yerləri də bərpa edəcəyik.
Əlbəttə, ilk növbədə, böyük şəhərlərin Baş planları təsdiq edilməli
idi. Məsələn, Ağdam, Füzuli və Şuşa şəhərlərinin Baş planları
təsdiq olunub, dünən isə Zəngilan şəhərlərinin Baş planı
təsdiqləndi, artıq işlərə başlanılmışdır. İndi Ağdamda yaşayış
binaları inşa edilir, Füzulidə də hazırlıq işləri gedir, Zəngilanda
isə gedəcək. Yəni, bu, böyük bir prosesdir və onu da bildirməliyəm
ki, biz bu işi dövlət büdcəsi hesabına edirik. Heç bir yerdən heç
bir yardım almamışıq, heç bir kredit almamışıq, heç bir ianə, yaxud
da ki, bir hədiyyə almamışıq, öz gücümüzə arxalanırıq, necə ki,
həmişə belə yaşamışıq, gücümüz qədər nailiyyətlər də əldə
etmişik.

Bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr
də ediləcək. Mən bu gün bunu bəyan etmək istəyirəm. Biz dövlət
büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər daha
yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona görə biz
bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər etməliyik ki,
vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş görək.
İndi hökumətə tapşırılıb, yəqin yaxın gələcəkdə Milli Məclis bu
məsələyə baxacaq ki, biz daha çox vəsait ayıraq. Mən demişəm,
iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş
bütün əraziləri o qədər tez bərpa edəcəyik.

Ancaq hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş
ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan
ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə
tutulur. Onu da hamımız bilməliyik ki, minatəmizləmə işi hələ də
davam edir və əlbəttə ki, burada hər şey, bütün ərazilər minalardan
təmizlənib. Əlbəttə, burada yaşayacaq insanlar bunu nəzərə
almalıdırlar ki, ancaq minalardan təmizlənmiş ərazilərə gedə
bilərlər. Çünki bu təhlükə hələ də var, ermənilər həm işğal zamanı,
həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt
verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox
minalar basdırmışlar”.

Teqlər: