Erməni silahlı dəstələrinin nəzarəti altında olan əraziyə
təsadüfən düşmüş, öz evlərinə getmək istəyən və tutulub saxlanmış,
sonra əsir götürülmüş və işgəncələrə məruz qalmış azərbaycanlıların
başına gələnlər barədə danışmaq istəmirəm.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya
Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS
agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin
rəhbərləri ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib: Birincisi, deməliyəm ki, bizimlə
bölüşdüyünüz informasiya yumşaq desək, həqiqətə uyğun deyil. Bizdə
etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının
nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur.
Onlar Avropa Oyunları kimi idman tədbirlərində iştirak edirlər.
Ermənistandan olan komanda iştirak edib, mən hətta xatırlayıram ki,
Ukraynanın milliyyətcə erməni olan bir nümayəndəsinə gümüş medalı
şəxsən özüm təqdim etmişəm. O, qızıl medal qazanan azərbaycanlı
boksçu ilə fəxri kürsüdə yanaşı dayanmışdı. Mən onun da əlini sıxıb
təbrik etdim və bu, zaldakı adamların ürəyincə olmasa da, onlar
məni uzun müddət alqışladılar.
Marqarita Simonyan: Mən bu əhvalatı
bilirəm.
Prezident İlham Əliyev: Bax, görürsünüz.
Deməli, sizin dediklərinizdə hər halda müəyyən qərəzlilik var.
Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycana
müxtəlif tədbirlərə gələndə də eyni vəziyyət baş verir. Bir neçə il
bundan əvvəl Katalikos Qareginin səfəri olub, mən öz iş kabinetimdə
onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və
bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza
təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal
gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər
ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur. Narahatlıq var, daha
doğrusu, vardı ki, belə hallar xaotik şəkildə baş verəndə hansısa
insidentlərin ola biləcəyi barədə müəyyən risk var. Çünki təqribən
30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti,
tarixi, dini irsi məhv edilib. Mən özümlə kitab gətirmişəm, bu,
hətta kitab deyil, “Qarabağ işğaldan əvvəl və sonra” adlı
fotoalbomdur. Mən onu sizə təqdim edəcəyəm, siz baxarsınız, bu, hər
bir sözdən yaxşıdır, orada nə baş verib və təbii ki, çoxlu
zərərçəkən, valideynlərindən, yaxınlarından məhrum olan çoxlu
insanlar. Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4
mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi
məzarlıqların yerləri bildirilmir.
Biz öz vətəndaşlarımızın və qonaqlarımızın təhlükəsizliyinə
cavabdehik. Buna görə xahişimiz ondan ibarətdir ki, ya Ermənistan
vətəndaşları, ya da erməni soyadlı vətəndaşlar Azərbaycana gələndə
müvafiq orqanlar məlumatlandırılsın. Xüsusi halda Rusiyadan söhbət
gedirsə, səfirlik və səfir Polad Bülbüloğlu bu təlimatları bilir.
Azərbaycana gəlməyə rədd cavabı verilən hallar olub. Lakin belə
hallar məhz ona görə olub ki, bu formal qaydalara riayət
edilməyib.
Erməni silahlı dəstələrinin nəzarəti altında olan əraziyə
təsadüfən düşmüş, öz evlərinə getmək istəyən və tutulub saxlanmış,
sonra əsir götürülmüş və işgəncələrə məruz qalmış azərbaycanlıların
başına gələnlər barədə danışmaq istəmirəm. Bu, başqa mövzudur.
Lakin düşünürəm ki, müharibə başa çatandan sonra əgər Ermənistan
rəhbərliyi sülh müqaviləsi üzərində işləməyə başlamaq barədə bizim
ideyaları qəbul etsə, belə səfərlər müharibədən əvvəl olduğu kimi
adi hal ala bilər. İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli
şəhər olub. Monoetnik dövlət olan, praktiki surətdə bütün milli
azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi,
qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər
çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm
ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda
erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır.
Onların sayı deyilən 30 mindən azdır. Yəqin ki, 30 min 10-15 il
bundan əvvəl olub, bununla belə onlar var, yaşayırlar və normal
yaşayırlar, heç kəs onlara heç bir iddia irəli sürmür. Buna görə də
sizin sualınıza cavab vermək imkanından istifadə edərək sizi
Azərbaycana gəlməyə dəvət etmək istərdim. Siz görərdiniz ki, heç
bir məhdudiyyət yoxdur.