Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana
təbrik məktubu göndərib.
AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:
“Azərbaycan Respublikası ilə Macarıstan arasında əlamətdar tarix
– diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü
münasibətilə Sizi təbrik edir, dost xalqınıza ən xoş və səmimi
arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Müasir diplomatik əlaqələrimizin tarixi 30 illik dövrü əhatə
etsə də, xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq və
əməkdaşlıq ənənələri mövcuddur. Macarıstan Azərbaycan üçün yaxın
dost və tərəfdaş ölkədir. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən
onilliklər ərzində dövlətlərarası münasibətlərimiz dinamik və
hərtərəfli inkişaf etmiş, strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlmiş, siyasi, iqtisadi, humanitar və digər sahələrdə
əlaqələrimiz daha da genişlənmişdir.
Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, energetika,
nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal
əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, qarşılıqlı faydalı
əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar
vardır.
Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində
genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz
Macarıstandan olan şirkətlərin də bu prosesdə iştirakını görməkdən
məmnun olardıq.
Azərbaycan ilə Macarıstan həm də beynəlxalq və regional
təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Macarıstanın
Avropa İttifaqı çərçivəsində ölkəmizə göstərdiyi dəstəyi və Türk
Dövlətləri Təşkilatı xətti ilə əməkdaşlığımızı yüksək
qiymətləndiririk. Əminəm ki, Azərbaycan Respublikası ilə Macarıstan
arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq
münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun
olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə
müvəffəqiyyətlər, dost Macarıstan xalqına daim əmin-amanlıq və
rifah diləyirəm”.