Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft
sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan
Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
“Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik
dövründə əhalimiz 7 milyondan 10 milyona çatıbdır. Bu, ölkədə gedən
müsbət meyillərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi
inkişafın, sosial rifahın təzahürüdür. Əlbəttə ki, bizdə bütün
sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır. Eyni
zamanda, ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən
il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il
iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye
istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının ilk yekunları
mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir.
İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili
məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə
artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yəni, bu onu
göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək. Yanvar ayı
ilin başlanğıcıdır. Dünyanın istənilən ölkəsində yanvar ayında
iqtisadi artım templəri adətən o qədər güclü olmur, o cümlədən
Azərbaycanda. Amma qeyd etdiyim bu göstəricilər, necə deyərlər,
özlüyündə bir nəticədir.
Əlbəttə ki, artan sənaye artan generasiya gücləri tələb edir.
Məhz biz buna görə belə nəhəng obyektləri inşa edirik. Artan daxili
tələbatı belə gözəl enerji stansiyaları ilə təmin edəcəyik. Eyni
zamanda, qeyd etdiyim kimi, bizim enerji gücümüzə xaricdə tələbat
artır. Bizim 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı
artmaqdadır – Türkiyə, Rusiya, Gürcüstan və İran. Qeyd etdiyim
kimi, 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac etmişik.
Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm
Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin
enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir
ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya
məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.
Əlbəttə ki, bu, son illər ərzində əldə edilmiş nailiyyətlərdir.
Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində bizim
özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız
vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi,
Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla
bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft
hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında
bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl
ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz
Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi.
Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın
potensialından, Azərbaycanın imkanlarından danışdılar. Mən orada
çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi
yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır,
məsuliyyətimiz də çatır. Ona görə bugünkü mənzərə çox müsbətdir və
ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem
yoxdur, amma bu gün dünyanın bir çox ölkələrində bu problemlər var
və kəskinləşir. Bəzi ölkələr, ümumiyyətlə, öz enerji balansını
düzgün tərtib edə bilmirlər. Çünki xarici təchizatçılardan
asılıdırlar və orada müəyyən problemlər yaranıbdır. Ona görə biz
həm ölkə daxilində, həm bölgədə, həm geniş mənada qitədə çox
etibarlı enerji təchizatçısı ölkəsinə çevrilmişik. Əlbəttə ki,
növbəti planlarımız da var. Həm daxildə, həm xaricdə artan tələbatı
ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o
cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm
ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar
bundan sonra da çox olacaq”.