Prezident İlham Əliyev: İşğalı 30 il ərzində görməyən, indi olmayan işğalı görən, əlbəttə ki, ya kordur, ya nankordur

İşğalı 30 il ərzində görməyən, indi olmayan işğalı görən, əlbəttə ki, ya kordur, ya nankordur, ya da, sadəcə olaraq, riyakardır.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində “Zəngəzur dəhlizi Ermənistanın normallaşma əlaqələrinə başlaması üçün bir şərtdirmi?” sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

“Noyabrın 10-da imzalanmış Bəyanatda təsbit edilir və Ermənistan öz üzərinə bu öhdəliyi götürüb. Birincisi, əgər o, bu öhdəliyi icra etməyəcəksə, onda hansı normallaşmadan söhbət gedir? İkincisi, Ermənistanda, – yenə də qayıdıram əvvəlki fikirlərimə, – postmüharibə dövrünü çox düzgün təhlil etməlidirlər. Artıq vəziyyət tam fərqlidir. İndiki durum güc nisbətini açıq-aydın göstərir. İşğal dövründə də bilirdik ki, bizim imkanımız nədir, Ermənistan ordusunun imkanı nədir. Biz bilirdik ki, balansı öz xeyrimizə çoxdan dəyişdirmişik. İndi bunu bütün dünya görür. Ona görə indiki şəraitdə mən hesab edirəm ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki onlar üçün bu, önəmlidir. Biz bunsuz da yaşaya bilərik, necə ki, yaşamışıq, indi də yaşayırıq. İndi daha yaxşı yaşayacağıq. Çünki o böyük əraziyə yenə də sahib olduq, öz doğma torpağımıza qayıtdıq. Onların durumu daha da pisləşdi. Ona görə daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistan maraqlı olmalıdır ki, ilk növbədə, Türkiyə ilə əlaqələri normallaşdırsın, eyni zamanda, Azərbaycanla münasibətləri normallaşdırsın. Türkiyə və Azərbaycanla öz sərhədlərini müəyyən etsin, delimitasiya, demarkasiya aparılsın. Onlar buna çox maraqlıdır, nəinki biz. Çünki bu olmasa, deməli, sərhəd yoxdur. Bilirsiniz indi Ermənistanda və bəzi xarici siyasətçilər bizi ittiham edirlər ki, biz Ermənistanı işğal etmişik. Birincisi, bu, yalandır. İkincisi, bəs Ermənistan bizim əraziləri işğal edəndə niyə səsinizi qaldırmırdınız? Niyə gözünüzü yumurdunuz? Otuzillik işğal dövründə bizim bütün tarixi, dini abidələrimiz yerlə bir edildi. Bütün binalar söküldü. Bunu görmürdünüz? Minsk qrupunun həmsədrləri dəfələrlə orada olublar, Ağdamda da olublar, Kəlbəcərdə də olublar, Füzulidə də, Cəbrayılda da, görmürdülərmi?

Otuzillik işğal dövründə, cəmi iki dəfə faktaraşdırıcı missiya göndərildi və məruzə hazırlandı. Ermənilərin bütün cinayətləri məruzədə göstərildi. Sonuncu belə bir missiya təqribən 10 il əvvəl həyata keçirilmişdi. Biz dəfələrlə Minsk qrupuna, onun həmsədrlərinə müraciət etdik ki, yenə də missiya göndərin. Çünki orada qanunsuz məskunlaşma gedir, Suriyadan, Livandan, başqa yerlərdən ermənilər gətirilir, məskunlaşdırılır. Bu, hərbi cinayətdir. Bütün beynəlxalq konvensiyalara görə bu, hərbi cinayət sayılır. Etmədilər onu. Ona görə bu işğalı 30 il ərzində görməyən, indi olmayan işğalı görən, əlbəttə ki, ya kordur, ya nankordur, ya da, sadəcə olaraq, riyakardır. Bu, daha düzgün ifadə ola bilər.

Biz isə öz dədə-baba torpağımıza qayıtmışıq. Biz 30 il orada olmamışıq. Əgər Ermənistan tərəfi deyirsə ki, sərhəd oradan keçir, nə üçün orada heç kim yox idi? Sərhəddirsə, gəl sərhədi qoru. Biz gəldik, o dağlara yerləşdik. Bizim xəritələrə görə biz öz ərazimizdə yerləşmişik. Əgər Ermənistan tərəfi fərqli fikirdədirsə, gəlsin, otursun, bizimlə bərabər bunu müzakirə edək, bir il çəkər, beş il çəkər, otuz il çəkər, kim bilir. Yenə də qayıdıram bu söhbətə. Sərhədlər məsələsində bu gün Ermənistan reallığı dərk etməlidir. O, tezliklə bizim şərtlərimizə əməl edib, onları qəbul edib, bu məsələni həll etməlidir ki, artıq hər kəs bilsin, onun sərhədi harada yerləşir”.

Teqlər: