İşğaldan azad edilmiş ərazilərdə bu il 5 su elektrik
stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların
generasiya gücü 27 meqavat olacaqdır.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 15-də
Gülüstan sarayında Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma
mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Artıq
dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin
istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq ilkin
addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan
çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar
gedir. Ümid edirəm ki, bu danışıqlar da uğurla nəticələnəcək. Digər
böyük şirkətlər bu bölgəyə maraq göstərirlər. Bildirməliyəm ki,
işğal dövründə 30 il ərzində ermənilər və Ermənistan dövləti o vaxt
işğal altında olan torpaqlarda bütün infrastrukturu, bütün
binaları, tarixi, dini abidələrimizi dağıtmışlar, bunu təsdiqləyən
bir çox sənədlər, video-foto məlumatlar vardır. O cümlədən Kəlbəcər
və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv
etmişlər və biz artıq azad edilmiş torpaqlarda genişmiqyaslı işlərə
başlayaraq, o cümlədən elektroenergetika sahəsinə böyük diqqət
göstərmişik. Keçən il 4 su elektrik stansiyasını bərpa etmişik.
Onların ümumi generasiya gücü 20 meqavatdır. Bu il isə 5 su
elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu
stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Düzdür, digər
stansiyalarla müqayisədə həcm o qədər də böyük deyil. Lakin bu
stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox
olacaqdır və bu, su elektrik stansiyalarıdır. Güləş və külək
elektrik stansiyalarının yaradılması üçün təbii ki, daha böyük
potensial var. Yenə də demək istəyirəm ki, bütün infrastruktur
yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar
inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il
ərzində 7 yarımstansiya yaradılıbdır”.