Prezident İlham Əliyev İranın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti
Seyid İbrahim Rəisiyə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında
əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu
ildönümü münasibətilə Sizi səmimiyyətlə təbrik edir, dost və qardaş
İran xalqına ən xoş arzularımı çatdırıram.

Dini və mədəni köklərlə bir-birinə bağlı olan xalqlarımızın
iradəsi qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan
Azərbaycan-İran münasibətlərinin əsas təməlini təşkil edir. Dostluq
əlaqələrimizin bugünkü yüksək səviyyəsi otuz illik dövrdə
ölkələrimizin birgə fəaliyyətinin nəticəsidir. Bu illər ərzində
çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, əldə edilən
razılaşmalar və həyata keçirilən birgə layihələr siyasi, iqtisadi,
nəqliyyat, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımızın
dinamik inkişafında mühüm rol oynamışdır.

Mən Azərbaycan ilə İran arasındakı müntəzəm siyasi dialoqu və
bir sıra sahələrdəki işbirliyimizi yüksək qiymətləndirirəm. Hesab
edirəm ki, bu gün qarşılıqlı faydalı əməkdaşlığımızın daha da
inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır. Şübhəsiz,
tarixi, əzəli torpaqlarımızın işğaldan azad olunması nəticəsində
Azərbaycan-İran dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki
mövcud potensialdan tam şəkildə yararlanmağa,
nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə
iştiraka əlverişli şərait yaratmışdır. Bu baxımdan Azərbaycan
Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında
İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan
Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar
Respublikası arasında yeni kommunikasiya bağlantılarının
yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi
qeyd etmək istəyirəm.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı
yenidənqurma və bərpa işləri aparılır. Biz ölkənizi təmsil edən
şirkətlərin də yaxın gələcəkdə bu prosesdə iştirakını görməkdən
məmnun olardıq.

İnanıram ki, xalqlarımızın mənafelərinə və ölkələrimizin
maraqlarına xidmət edən Azərbaycan-İran münasibətləri bundan sonra
da birgə səylərimizlə uğurla inkişaf edəcək və
möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə
müvəffəqiyyətlər, dost və qardaş İran xalqına əmin-amanlıq və
firavanlıq diləyirəm”.

Teqlər: