Bütün kəndlər, bütün şəhərlər dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq. Biz artıq bütün səylərimizi toplamışıq, bütün resurslarımızı səfərbər etmişik. Böyük infrastruktur layihələrinə artıq başlanıb. Sizə bəlkə də bununla bağlı məlumat verilib. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbulu zamanı işğaldan azad edilən ərazilərin ermənilər tərəfindən talan edilməsinə münasibət bildirərkən deyib.
Dövlət başçısı bildirib:
“Onlar şəhərləri müharibə zamanı, Birinci Qarabağ müharibəsi zamanı deyiI, ondan sonra dağıdıblar. Onlar bunu Birinci Qarabağ müharibəsi dayanandan sonra demək olar ki, 30 il ərzində sistematik şəkildə bir neçə səbəbdən dağıdıblar. Birincisi, bütün tikinti materiallarını götürmək üçün. Çünki evlər sökülmüş, daşlar aparılmışdır. Bu, oğurluq idi. İkinci səbəb azərbaycanlılara geri qayıtmağa imkan verməmək idi. Çünki onlar düşünürdülər ki, total dağıntıdan sonra heç kim qayıtmayacaq. Təkcə şəhərlərdə deyil, kəndlərdə də, – siz digər istiqamətlərə gedəndə, məsələn Cəbrayıla, siz Füzulidə də olmusunuz, – Zəngilanda, Qubadlıda vəziyyət eynidir”.