Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və
istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən
təşkilat, əlbəttə ki, qəbulediləndir.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.
Dövlət başçısı bildirib:
“Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə
idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana
bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır,
nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə
məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır
və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu
münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk
qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq
de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər.
Müharibədən keçən dövr ərzində – son Rusiya-Ukrayna müharibəsinə
qədər olan dövr ərzində biz bu məsələ ilə bağlı öz fikirlərimizi
bildirmişdik. Bizim xarici işlər nazirimiz Minsk qrupunun
həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz
deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq
istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan
ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz
nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz
fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə
hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk
qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional
vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli
şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir
qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz. Hesab edirəm ki,
ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər.
Bu yaxınlarda qeyd etdiyim kimi, ATƏT-in fəaliyyətdə olan sədri ilə
görüşlər əsnasında mən bildirmişdim ki, vətəndaş cəmiyyətinin
nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni
təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki,
bu format çərçivəsində görüşlər keçirə bilərlər ki,
Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran
məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və
istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən
təşkilat, əlbəttə ki, qəbulediləndir”.