Prezident İlham Əliyev ilə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında
telefon danışığı olub.

Bu barədə Prezidentin Mətbuat xidmətindən AzerTimes-a məlumat verilib.

Telefon danışığı zamanı Prezident İlham Əliyev və Prezident
Qurbanqulu Berdiməhəmmədov son illər ərzində Azərbaycan ilə
Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək
səviyyəyə qalxmasından məmnunluqlarını ifadə etdilər. Həmçinin
prezidentlər əminlik hissi ilə qeyd etdilər ki, bu əlaqələr bundan
sonra da bütün sahələrdə inkişaf edəcək. Dövlət başçılarının birgə
səyləri ilə əməkdaşlığımızın bütün sahələrdə uğurla inkişaf
etdirilməsinə görə qarşılıqlı minnətdarlıq ifadə olundu.

Söhbət zamanı Azərbaycan ilə Türkmənistan arasında dostluq və
qardaşlıq münasibətləri zəminində nəqliyyat, enerji, humanitar və
digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi
aparıldı.

Bundan sonra telefon söhbətinə qoşulan Sərdar Berdiməhəmmədovu
Türkmənistanın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik
edən dövlətimizin başçısı ona gələcək fəaliyyətində uğurlar
arzuladı. Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında
əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə əminliyini
bildirdi.

Türkmənistanın yeni seçilmiş Prezidenti Sərdar Berdiməhəmmədov
təbriklərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü
bildirdi.

Teqlər: