Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb

İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Gəncə və digər şəhərlər – Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir.

Ermənistan isə döyüş meydanında məğlub olaraq, 10 min fərari verərək, tamamilə biabır olaraq, görün, hansı çirkin əməllərə əl atıb bizi dayandırmaq istəyirdi. Amma Azərbaycan xalqı, hətta bu dağıntılar altından çıxan insanlar, qanın içində olan insanlar, öz yaxınlarını itirmiş insanlar da deyirdilər ki, biz ancaq qabağa getməliyik. Bizi heç kim və heç nə dayandıra bilməzdi. Biz bu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Ermənistanı diz çökdürdük, məğlub etdik. Erməni faşizmini məğlub etdik və ədaləti bərpa etdik.

Bu gün, burada təməlini qoyduğum Memorial Kompleks böyük ərazini əhatə edəcək. Bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.

Teqlər: