Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq

Hərbi əməliyyat nəticəsində torpaqlarımız işğaldan azad edildi. İkinci Qarabağ müharibəsi bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq. Qələbə nəticəsində Kəlbəcər rayonu da Laçın və Ağdam rayonları ilə bərabər işğalçılardan azad edildi. Ermənistan noyabrın 10-da kapitulyasiya aktını imzalayaraq bu öhdəliyi də öz üzərinə götürmüşdür və Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.

Trend xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən deyib.

İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib: “Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi”.

Teqlər: