Prezident İlham Əliyev: İdmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik

İdmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə
gözləməliyik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də
23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci
Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Son vaxtlar Güləş Federasiyasında gedən proseslər narahatlıq
doğururdu və durğunluq hiss olunurdu. Güləş Federasiyasında
idarəetmə mexanizmi zəifləmişdi, faktiki olaraq özbaşınalıq hökm
sürürdü. Əlbəttə ki, bu, nəticələrə də mənfi təsir göstərmişdir və
bu, təbiidir. Ona görə Güləş Federasiyasının rəhbərliyinin
dəyişdirilməsi zəruri idi, bu, baş verdi. Əminəm ki, federasiya
indi həm buraxılmış bütün nöqsanları aradan qaldıracaq, vəziyyəti
təhlil edəcək, – mənə məlumat verilib ki, artıq bu işlərə start
verilib, – əlbəttə ki, idmançılara – həm gənclər, həm də böyüklər
arasında çıxış edən idmançılara lazımi şərait yaradacaqdır. Mən
Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya
məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq,
onlardan isə nəticə gözləməliyik. Bax, bu iki əsas amil bizim böyük
uğurlarımızın əsasını təşkil edirdi. Ona görə əminəm ki, Güləş
Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə
düzgün addımların atılmasına nail olacaq və bugünkü qələbəni mən
görülən bu işlərin ilk təzahürlərindən biri kimi qəbul edirəm”.

Teqlər: