Prezident İlham Əliyev: İdman sahəsində əldə edilmiş uğurlar vətənpərvərlik hisslərini daha da gücləndirirdi

İdman sahəsində əldə edilmiş uğurlar, bayrağımızın qaldırılması,
himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da
gücləndirirdi

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də
23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci
Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Bir məsələyə də toxunmaq istərdim. Bu gün siz qalib gəlmiş
ölkəni təmsil edirsiniz. Biz müstəqil ölkə kimi böyük idman
yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış
edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də
var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz
məharət, güc özünü döyüş meydanında da göstərəcək. Hər halda,
xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə
edilməsində idman amili çox böyük rol oynayır. Mən bunu bilərək
çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun.
Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən
müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz,
texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi
şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu
da vətənpərvərlikdən irəli gəlir.

Biz uzun illər – 30 ilə yaxın beynəlxalq arenalarda, istər
idman, istər siyasi arenalarında məğlub edilmiş ölkə kimi təmsil
olunurduq. Bunu etiraf etmək nə qədər ağırdırsa, o qədər də
sadədir. Yəni, biz həqiqəti olduğu kimi bilməliyik və deməliyik.
Bəli, bu məğlubiyyətin səbəbləri var idi, ovaxtkı antimilli
hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici
dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz bu
amillər məğlubiyyəti şərtləndirmişdir. Amma həqiqət o idi ki,
torpaqlarımız işğal altında idi və biz sübut etməli idik ki, nəyin
bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və
etdik. Bir daha demək istəyirəm, hesab edirəm ki, o cümlədən idman
sahəsində əldə edilmiş uğurlar, bayrağımızın qaldırılması,
himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da
gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz
idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə
biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. Belə də
oldu”.

Teqlər: