İdman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin
qüdrətini əks etdirir.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də
23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci
Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ
edirlər. Mən dəfələrlə idman ictimaiyyəti ilə görüşlər əsnasında
deyirdim ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir
ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda,
Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik
ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük
uğurlar qazanırlar. Bu da təbiidir, çünki həm təlim-məşq
toplanışlarının keçirilməsi, ümumiyyətlə, hazırlıq işlərinin
qurulması, iqtisadi baza – bütün bu amillər önəmli rol oynayır.
Əlbəttə ki, dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan
bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə,
idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi
qorumalıyıq. Təsadüfi deyil ki, beynəlxalq idman qurumları
Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı,
Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi – həm Avropa
Oyunları, həm də İslam Həmrəyliyi Oyunları. Bir ölkədə, bir şəhərdə
cəmi iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman
ictimaiyyətinin, federasiyalarının bizə olan münasibətinin
əlamətidir. Biz bu yarışları yüksək səviyyədə keçirdik və
idmançılarımız bizi sevindirdilər. Bizim beynəlxalq idman qurumları
ilə, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya komitələri ilə
sıx əlaqələrimiz var, beynəlxalq federasiyalarla sıx əlaqələrimiz
var. Bu əlaqələr əlbəttə ki, Azərbaycanda idman siyasətinin düzgün
aparılmasında da bizə kömək göstərir. Ölkəmizdə keçirilmiş və
bundan sonra keçiriləcək idman yarışları da müntəzəm xarakter
almalıdır. Çünki ölkəmizin həm imkanları, həm Azərbaycanda
qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz
bütün istənilən idman yarışını keçirə bilərik. Məsələn, Avropa
Oyunlarında 5 mindən çox idmançı iştirak edirdi və onların bir çoxu
qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində
keçirilir. Yəni, bütün bu şəraiti biz yaratmışıq ki, həm idmançılar
dövlətimizin şöhrətini həmişə yüksəkliklərdə saxlasınlar, həm də
idman kütləvi xarakter alsın. Gənclər və idman naziri qarşısında,
yeni rəhbərlik qarşısında qoyduğum vəzifələrdən biri də məhz budur
– idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud
infrastrukturdan istifadə etmək. Çünki bizdə hər bir bölgədə müasir
olimpiya idman kompleksləri vardır, 50-yə yaxın belə bir kompleks
artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə etməliyik.
Seleksiya işi çox düzgün aparılmalıdır. Bölgələrdə bir çox yerlərdə
istedadlı uşaqlar var, sadəcə olaraq onları düzgün seçmək və
idmana, idman bölmələrinə cəlb etmək lazımdır”.