İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur.
AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə
Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar
videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: “İçərişəhər bizim milli sərvətimizdir,
dünya memarlıq tarixinin möhtəşəm abidəsidir, Azərbaycan xalqının
istedadının bariz nümunəsidir. Əsrlər boyu Azərbaycan xalqı
İçərişəhəri, onun içində olan tarixi abidələri qoruyub və bundan
sonra da əsrlər boyu qoruyacaq. İçərişəhərin hər bir küçəsi, hər
bir tini, hər bir daşı qiymətlidir, tarixi əhəmiyyət kəsb edir.
Qala divarları, Qız qalası, Şirvanşahlar sarayı, məscidlər,
karvansaralar, muzeylər, digər tarixi abidələr qürur mənbəyimizdir.
Dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur. Düzdür,
dünyanın bir neçə ölkəsində köhnə şəhər məhəllələri vardır, onların
bir neçəsində mən olmuşam. Amma tam əminliklə deyə bilərəm ki,
İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur. Bu, bizim
tarixi irsimizdir, biz İçərişəhəri göz bəbəyimiz kimi qorumalıyıq
və əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz”.