Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır. Hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi zamanı deyib.
Dövlət başçısı bildirib:
“Hərbi əməliyyatlar aparılan dövrdə biz bir dəfə də, provokasiyalara uymadıq. Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Düşünürəm ki, sizin söylədiyinizi səciyyələndirən mənim dediyim bu amillər və bir də, əlbəttə, özümün haqlı olmağıma inamımdır. Bundan əlavə, bilirsiniz ki, hərbi komandanlıq Prezidentin sakit, təmkinli, özünə inamlı, qələbəyə inamlı olduğunu görəndə, – bu da cəmiyyət üçün və hərbi komandanlıq üçün çox vacibdir, – bu, onları ruhlandırır və onlar da bunu öz tabeliyində olanlara çatdırırlar, bu, sanki hərbi komandanlıqdan başlamış sıravilərə qədər bütün piramidanı əhatə edən elektrik yükü olur. Eyni əhval-ruhiyyə cəmiyyətə də keçir. Üstəlik, hərbi əməliyyatların elə ilk günlərindən biz uzun müddət gözlədiyimiz qələbə sevincini daddıq. Artıq dediyim kimi, elə ilk gün yaşayış məntəqələri azad edildi. Cəmiyyət praktiki olaraq hər gün mənim “Twitter” səhifəmdə yeni məlumatlar, yaxud xalqa müraciətlərimi gözləyirdi. Bir neçə gün bunlar olmayanda fikirləşirdilər ki, görəsən, nə olub? Artıq hamı adət etmişdi ki, biz irəliyə gedirik. Hərçənd, əlbəttə, çoxları başa düşürdü ki, müharibə – gedişi qabaqcadan bilinməyən məsələdir. Ərazinin relyefi, möhkəmləndirilmiş rayonlar, çoxsaylı müdafiə xətləri nəzərə alınmaqla bizim etdiyimiz kimi sürətlə irəliləmək çox çətin idi. Üstəlik, biz bütün əməliyyatları elə planlaşdırırdıq ki, onları minimal itki ilə həyata keçirək. Ona görə, bu da təəccüb doğurur ki, əks-hücum əməliyyatları aparan ölkə daim özlərinin dediyi kimi taktiki geri çəkilməkdə olan ölkə ilə müqayisədə qat-qat az itkiyə məruz qalır. Düşünürəm ki, bu amillərin belə palitrası mənə də, orduya da, xalqa da inam verirdi”.