Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının
2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə
çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının
ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Sərəncamla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və
Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə
komplektləşdirmək məqsədilə qərara alınır:
– 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil
olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş,
yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi
xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi
hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası
vətəndaşları 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi
xidmətə çağırılsınlar.
– “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət
müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları
2022-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar.
– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın
icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri
görsün.