Prezident İlham Əliyev: Hazırda hər bir ölkə üçün daha vacib olan ərzaq təhlükəsizliyidir

Hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl
olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 6-da
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru
Qu Donqyunu videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Ümumilikdə Azərbaycanda kənd təsərrüfatının inkişafı
hökumətimiz üçün prioritetlərdən biridir. Çünki, birincisi, hazırda
hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha
vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur
ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın
mühüm hissəsini təşkil edir. Bu ilin üç ayı ərzində Azərbaycanda
qeyri-enerji ixracında artım 45 faiz olub. Əlbəttə ki, bu,
məşğulluq baxımından əhəmiyyətlidir. Çünki əhalimizin demək olar
ki, yarısı kənd yerlərində yaşayır. Ona görə də bu insanlar üçün
kənd təsərrüfatı əsas gəlir mənbəyidir. Siz yəqin ki, bizim
islahatlarımızdan, hökumətin fermerlərə verdiyi subsidiyalardan,
dəstəkdən xəbərdarsınız. Fermerlər hər hansı vergidən, o cümlədən
torpaq vergisindən azaddırlar. Həmçinin biz fermerlərə güzəştli,
aşağı faizlərlə kreditlər veririk. Bütün bunlar kənd təsərrüfatının
sürətli inkişafı üçün imkanlar yaradır. Lakin əlbəttə ki, biz
xüsusilə indi, ərazilər işğaldan azad ediləndən sonra hər şeyi
düzgün planlaşdırmalı və müasir texnologiyalar tətbiq
etməliyik”.

Teqlər: