Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut. Siz Hadrutu tanıyırsınız, burada yaşamısınız, olmusunuz, yaxın kəndlərdə də yaşamışınız, burada bir neçə kəndin nümayəndələri var. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Görün yollar, binalar nə gündədir. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Onu vurun 30 ilə, görün təxminən nə qədər pul edir. Mən indi bütün bu bölgələrə gedirəm – Hadrutda da, Hadrutun kəndlərinin bir çoxunda da, Xocalının Çanaqçı, Sığnax kəndlərində də olmuşam. Azıx olsun, Tuğ olsun, Susanlı olsun və başqa kəndlər – hamısı bərbad vəziyyətdədir. İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir. Bəs, yığılan bu milyardlar hara gedib? Deməli, Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər.
Onların böyük bir fondu var, adı Hayastandır. Bilməyənlər üçün deyə bilərəm ki, Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar. Yəni, bu Hayastan fondu dediyim kimi, bəlkə də bir neçə milyard pul yığmışdır. Həmçinin Amerikada yaşayan zəngin ermənilər öz xüsusi fondlarını yaradıblar, öz ailə üzvlərinə aid fondlar yaradıblar. Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi, necə deyərlər, məlum deyil. Çünki azad edilmiş bütün yerlərə baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafın əsər-əlaməti yoxdur. Görün Şuşa nə gündədir. Onlar Şuşanı bütün dünyaya öz şəhəri kimi qələmə verməyə çalışırdılar, bu gün də çalışırlar. Əgər sənin şəhərindirsə, niyə bu gündədir?! Şuşada bir dənə də yeni bina yoxdur. İki yeni bina var. Biri separatçıların rəhbərlərinə məxsusdur, biri də xaricdə yaşayan başqa bir zəngin erməniyə. Özü də villalardır, öz şəxsi evləridir. Bir dənə də bina yoxdur. Şuşadakı 17 bulağın, 17-si də qurudulub. Yaxşı, bu, sənin şəhərindirsə, niyə bu gündədir?!”