Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də
Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edib.

Trend xəbər verir ki, dövlətimizin başçısı ilk nöbvədə İliya
Darçiaşvilini Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin
olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar
arzuladı. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin
ölkələrimizin və xalqlarımızın qarşılıqlı dəstəyinə, həmrəyliyinə
əsaslandığını bildirdi, əlaqələrimizin möhkəm təməllər üzərində
qurulduğunu dedi.

Dövlətimizin başçısı ötən 30 il müddətində Azərbaycan ilə
Gürcüstan arasında mövcud olan dostluq münasibətlərinin regional
sabitlik və əməkdaşlıq işində mühüm amil olduğunu bildirdi.

İqtisadi sahədə əməkdaşlığa toxunan Azərbaycan Prezidenti
xüsusilə nəqliyyat sferasında yeni imkanların olduğunu
vurğuladı.

Cənubi Qafqazın inkişafı ilə bağlı ölkələrimizin birgə
baxışlarının olduğunu deyən Prezident İlham Əliyev xüsusilə
postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında
üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanların olduğunu
bildirdi və Azərbaycan tərəfinin buna hazır olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü dedi,
Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin
bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını
ifadə etdi.

İliya Darçiaşvili Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin
salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident
İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara və səfərə dəvətə görə
minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş
nazirinə çatdırmağı xahiş etdi.

Bakıda çox səmərəli görüşlər keçirdiyini bildirən İliya
Darçiaşvili ölkələrimiz arasında ikitərəfli münasibətlərin
inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcini dedi. Qonaq
Azərbaycan Prezidentinin əlaqələrimizin inkişafına verdiyi dəstəyi
Gürcüstan tərəfinin yüksək qiymətləndirdiyini bildirdi. Bu il
ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyinin qeyd edildiyini deyən Gürcüstanın xarici işlər naziri
əməkdaşlığın gələcəkdə də genişləndirilməsinin zəruriliyini
vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.

Teqlər: